SSRİ-də “Brejnev epoxası”na yol açan saray çevrilişi –

Dostları Xruşşovu necə devirdilər? (TARİX)
27 Yanvar 2020 - 21:54

Nikita Xruşşovun 14 oktyabr 1964-cü ildə bütün partiya-dövlət postlarından istefası ilə bağlı məsələni öyrənən tarixçilər indiyə qədər bir sıra suallar barədə barədə mübahisə edirlər:

1) “Saray çevrilişinin” əsas təşəbbüskarı kim olub?

2) Hakimiyyətin yuxarı eşalonunda bu “çevriliş” planı nə zaman yaranıb?

3) Xruşşovun istefasının əsas səbəbləri nə olub?

Ədalət naminə qeyd edək ki, bir sıra müasir müəlliflər (Pixoyz, Y.Jukov) hesab edirlər ki, Xruşşovun devrilməsi sona qədər aydın olmayacaq.

N.Xruşşovun istefasının səbəblərinə gəlincə, bütün müəlliflər bir məsələdə həmrəydirlər: hakimiyyətinin sonuncu 2-3  ilində xarici və daxili siyasətdə buraxdığı ciddi səhvlər onu partiya – təsərrüfat nomenklaturası ilə düşmən eləmişdi.

İudanın yüksəlişi

1963-cü ilin iyununda keçirilən Mərkəzi Komitənin plenumu yuxarı hakimiyyət eşalonunda növbəti dəyişikilklərə imza atdı. Nəticədə N.Xruşşovun sadəlövhcəsində özünə sadiq şəxs hesab etdiyi L.Brejnev və N. Podqornıy Mərkəzi Komitənin yeni katibləri oldular.

L.Brejnev və Podqornıy birlikdə N.Xruşşovun keçmiş “favoriti” olan Mərkəzi Komitənin 2-ci katibi F. Kozlovun “irsi”ni də öz aralarında bölüşdürdülər. Faktik olaraq, onlar Mərkəzi Komitənin Katibliynə rəhbərlik etməklə Xruşşov Moskvada olmayan vaxtlarda növbə ilə Mərkəzi Komitənin işini idarə edirdilər.

Tarixçilər Xruşşovun bu kadr dəyişikliyini müxtəlif cür qiymətləndirirlər. Məsələn, tarixçi Roy Medvedyev hesab edir ki, bu kadr dəyişikliyi Kozlovun ağır xəstəliyi ilə bağlı idi. 1963-cü ildə ağır insult keçirən Kozlov avtomatik olaraq Xruşşovun potensial varisləri sırasından çıxdı.

Digər müəlliflər (Y. Aksyutin, A.Pıjikov) isə əmindirlər ki, Kozlovun “xəstəliyi” daha çox diplomatik xarakter daşıyırdı və o, vəzifədən məhz Xruşşovun özü tərəfindən uzaqlaşdırılmışdı.  Çünki Kozlov 1963-cü ilin fevral – mart aylarında Xruşşovun siyasi kursuna qarşı olan partiyadaxili cəbhəyə rəhbərlik edirdi. Lakin söhbətin hansı cəbhədən getdiyinə aydınlıq gətirmirlər.

“Çevrilişin anatomiyası”

Haradasa 1963-cü ilin sonu, 1964-cü ilin əvvələrində dar çərçivədə Xruşşovun dəyişdirilməsi ideyası formalaşmağa başlayır. Bu ideya ilk olaraq Brejnev, Podqornıy, Polyanski, Şelepin, Mironov və Semiçastnıyın daxil olduğu çərçivədə  müzakirə edilir.   

Sonuncu iki şəxsin “sui-qəsd” iştirakçıları sırasına daxil olması onun uğurunu şərtləndirirdi:

  1. a) Mironov DTK-nın generalı olmaqla Mərkəzi Komitənin şöbə müdiri kimi SSRİ-nin bütün güc strukturlarını – MN, DİN və DTK-nı kurasiya  edirdi.
  2. b) Şelepinin yaxın dostu olan Semiçastnıy ondan SSRİ DTK-nn sədri postunu almışdı.DTK-ya isə Mərkəzi Komitənin katiblərinin və Rəyasət Heyətinin üzvlərinin təhlükəsizliyini həyata keçirən 9-cu İdarə daxil idi. Bir qədər sonra SSRİ müdafiə naziri Malinovski də Xruşşovun uzaqlaşdırılmasına  razılğını verir. Bu isə “saray çevrilişinin” uğurla həyata keçirmək üçün əsas detallardan biri idi.

1964-cü ilin iyulunda SSRİ Ali Sovetinin növbəti sessiyası başlanır. Burada L.Brejnev Mərkəzi Komitədə işinin çoxluğu ilə bağlı Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilir. Bu posta N.Xruşşovun köhnə dostu və azsaylı tərəfdarlarından olan Anastas Mikoyan seçilir.

Bir sıra müəlliflərin məlumatına görə, ( Pixoya, Aksyutin, Pıjikov) sessiya bitdikdən dərhal sonra Xruşşov Mərkəzi Komitəyə növbəti ismarıcını göndərdib. “ Kənd təsərrüfatı rəhbərliyinin gücləndirilməsi yolları” adlanan bu müraciətdə Xruşşov cəmi il yarım əvvəl yaradılmış kolxoz-sovxoz partiya təşkilatlarının ləğv edilərək onları siyasi şöbə ilə əvəz etməyi təklif edirdi.

Mərkəzi Komitədə yerli partiya təşkilatlarının belə formada hərbiləşdirilməsindən ciddi narazılıq yaranır. Etirazlar o qədər ciddi olur ki, Xruşşov təklifini geri götürür. Qərara alınır ki, bu təklifə Mərkəzi Komitənin noyabr plenumunda baxsınlar.

 

Xruşşov oğlunun xəbərdarlığına niyə məhəl qoymayıb?

Bu əsnada Xruşşovun devrilməsi planının müəlliflərinin dairəsi genişlənməyə başlayır. Mərkəzi Komitənin bir sıra nufuzulu üzvləri, Moskva Partiya Komitəsinin birinci katibi Yeqorov, Ukrayna Kommunist Partiyasının birinci katibi Şelest və RSFSR Ali Soveti Rəyasət Heyətinin sədri İqnatov bu məsələdə xüsusi fəallıq göstərməyə başlayırlar. Onlar yorulmadan bütün şəhəri və ölkəni gəzərək yerli partiya nomenklaturasında Xruşşovun mümkün istefası barədə təbliğat aparmağa başlayırlar.

Burada İqnatov xüsusi ilə fəallıq göstərirdi. O, Xruşşova patoloji nifrət bəsləyirdi və onu özünün 1960-61-ci illərdəki karyerasının iflasının əsas günahkarı sayırdı.

Bir sıra memuar müəlliflərinin (S. Xruşşov) və tarixçilərin (Medvedyev, Aksyutin, Pıjikov) yazdığına görə, Xruşşovun oğlu Sergey atasına qarşı gizli planın olduğunu məhz İqnatovun mühafizçəçisi Qalyukovdan öyrənmişdi. Oğlu 1963-cü ilin sentyabrında bu barədə Xruşşova məlumat versə də o, buna ciddi əhəmiyyət verməmişdi. Amma hər ehtimala qarşı, oğluna Qalyukovu Mikoyanla görüşdürərək söhbəti protokollaşdırmağı tapşırır.

Bu söhbət 1964-cü ilin lap əvvəlində baş tutur. Söhbətin protokolu indiyə qədər “Siyasi Büronun məxfi qovluğu” adlanan arxivdə qorunur.  Ancaq bu söhbətin protokolundan tam aydın deyil ki, əsas fiqurlar bu hadisələrdə hansı rolu oynayıblar və  Qalyukov İqnatevlə olan söhbətini nə dərəcədə doğru ifadə edə bilib.

1964-cü ilin sentyabrın sonunda – Xruşşovun Krıma dincəlməyə getməsinə bir neçə gün qalmış Kremldə Mərkəzi Komitənin, SSRİ Nazirlər Sovetinin, respublikaların birinci katiblərinin, vilayət partiya komitələrinin, regional icraiyyə komitələrinin rəhbərlərinin, SSRİ EA-nın rəhbərliyinin iştirakı ilə  geniş tərkibdə iclası keçirlir. İclas iştirakçılarının diqqət mərkəzində SSRİ Dövlət Plan Komitəsinin sədrinin birinci müavini Qoreqlyadın “SSRİ xalq təsərrüfatının 1966-70-ci illər üçün perspektiv inkişfa planı” barədə məruzə idi.

Bu məruzə ətrafında çıxış edən N.Xruşşov Stalinin ölümündən sonra ilk dəfə Malenkovun sovet vətəndaşlarının maddi rifah halının yüksəldilməsinin zəruriliyi  barədə məşhur məruzəsinin əsas tezislərini təkrarlayır.

Lakin bu xruşşovsayağı “öncəgörmə” artıq onu xilas etmir. 30 sentyabr 1964-cü ildə “təsərrüfatı” Podqornıya tapşıran Xruşşov növbəti məzuniyyətinə gedir… “Sui-qəsd” özünün yekun fazasına daxil olur.

Epoxanın sonu: Nomenklaturanın qiyamı

12 oktyabr 1964-cü ildə L. Brejnevin sədrliyi ilə Mərkəzi Komitənin iclası çağrılır. Bu iclasda Xruşşovun işitrakı ilə növbəti beşillik planla bağlı bir sıra məsələləri müzakirə etmək qərara alınır. Digər qərar Xruşşovun  “Kənd təsərrüfatı rəhbərliyinin gücləndirilməsi yolları” barədə müraciətini geri çağırmaq idi.

İclas başa çatdıqdan sonra Brejnev, ya da M. Suslov (aydınlaşdırmaq hələlik mümkün olmayıb)  Pitsundada olan Xruşşova zəng vuraraq təcili məzuniyyətini yarımçıq saxlayıb Moskvaya qayıtmağı xahiş edirlər.

Xruşşov əvvəlcə bu dəvətdən imtina edir, sonra onunla birgə istirahətdə olan Mikoyanla məsləhətləşdikdən sonra səhəri Moskvaya gəlir.

13 oktyabrda, gündüz təyyarə Vnukovo hava limanına enir. Protokolun əksinə olaraq, Xruşşovu və Mikoyanı yalnız DTK-nın sədri Semiçastnıy və SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi Georqadze qarşılayır. Hava limanından birbaşa Kremlə gəlirlər. Burada artıq Mərkəzi Komitənin iclası başlanmışdı. Eyni zamanda Mərkəzi Komitənin Plenumuna çağrılmış üzvlər artıq Moskvaya gəlmişdilər.

Bu iclasın protokolu yazılmayıb. Odur ki, bu iclasda gedən danışıqlar barədə yalnız Mərkəzi Komitənin ümumi şöbəsinin müdiri Malinin konspektindən və iclasda iştirak etmiş şəxslərin, o cümlədən, Şelestin, Şelepinin, Voronovun, Qrişinin memuarlarına əsasən fikir yürütmək olur.

Mərkəzi Komitənin və Katibliyin çıxış edən bütün üzvləri – Suslov, Kosıgin, Voronov, Polyanski, Şelepin və digərləri Xruşşovu kəskin tənqid edərək onu kollektiv rəhbərlik barədə leninçi prinsipləri pozmaqda, öz həmkarlarına qarşı kobud münasibətdə, xarici və daxili siyasətdə ciddi iflasda, idarəçilkdə xaos yaratmaqda ittiham etməyə başlayırlar.

Baş verənlər Xruşşov üçün o qədər də gözlənilməz olmur. Əvvəlcə o özünü çox inamlı aparır, çıxış edənlərin daim sözünü kəsir, istehzalı replikalar atır. Ancaq bir qədər sonra ona aydın olur ki, hər şey əvvəlcədən həll olunub və rəhbərliyin bütün üzvləri ona qarşı vahid cəbhədə çıxış edir. O, vəziyyəti anlayır və “sınır”.

Hətta Mikoyanın barışdırcı çıxşı belə vəziyyəti yumşaltmağa kömək etmir. Mikoyan Xruşşova əlində olan postlardan birini tərk etməyi təklif edir. Lakin iştirakçılar Xruşşovun tam istefa verməsində qərarlı idi.

Xruşşov tam məğlub olduğunu anladıqdan sonra həmkarlarına bəyan edir ki, heç kimlə mübarizə aparmayacaq, Mərkəzi Komitənin Plenumunda çıxış etməyəcək. O, kobudluğuna görə üzr istəyir və əvəzində istənilən formada istefa ərizəsinin yazılmasını xahiş edir.

14 oktaybr 1964-cü ildə, Plenumun başlanmasına bir neçə saat qalmış Mərkəzi Komitənin Rəyasət Heyətinin qərarı qəbul olunur: “Etiraf olunur ki, yoldaş Xruşşovun kollektiv rəhbərlikdə Lenin prinsiplərini pozan səhvləri və düzgün olmayan fəaliyyəti nəticəsində Mərkəzi Komitədə anormal şərait yaranıb və bu şərait Mərkəzi Komitə üzvlərinin öz vəzifələrini yerinə yetirməkdə çətinlik törədib”.

Bundan başqa bu qərarda Xruşşov kobudluqda ittiham olunurdu.

Qızğın “diskussiya”lardan sonra Rəyaəst Heyəti aşağıdakı qərarları qəbul edir:

  1. Sov. İKP Mərkəzi Komitəsinin birinci katibi postu ilə SSRİ Nazirlər Sovetinin sədri postunu birləşdirməmək;
  2. Mərkəzi Komitənin Plenumuna Leonid Brejenvi birinci katib seçməyi tövsiyə etmək;
  3. Mərkəzi Komitənin ikinci katibi postunu təsis etmək və bu posta Podqornını təyin etmək;
  4. SSRİ Ali Sovetinin Rəyasət Heyətinə Nazirlər Sovetinin sədri postuna Kosıgini təyin etməyi tövsiyə etmək;
  5. Suslova Mərkəzi Komitənin Rəyasət Heyəti adından məruzə hazırlamağı tapşırmaq.

Sonuncu ilə bağlı qeyd edək ki, bir sıra tarixçilər iki alternativ məruzənin hazırlandığını  deyirlər. Onların mətni “Siyasi Büronun məxfi qovluğu”nda saxlanlır.

Birinci məruzə Şelepin- Polyanski qrupu tərəfindən hazırlanmışdı. Bu məruzədə Xruşşov dövrünün iflası əhatəli və arqumentli şəkidə göstərilirdi. Burada Xruşşovun volyuntarist siyasəti nəticəsində dünyanın nüvə müharibəsi həddinə gəlməsi qeyd olunurdu.

Digər məruzə Brejnev-Suslovun şəxsi aparatında hazırlanmışdı. Bu məruzə siyasi deyil, daha çox emosional-psixoloji xarakterli olub, Xruşşovun şəxsi neqativ keyfiyyətləri üzərində qurulmuşdu.

Plenumda məhz bu məruzə oxunudu. Bu, aydın göstərirdi ki, hakimiyyət uğrunda pərdə arxasında gedən mübarizədə Brejnev-Susulovun daha az radikal qruplaşması qalib gəlib. Bu qruplaşma sonradan bütün ölkədə hakimiyyəti ələ keçirəcəkdi.  

…14 oktyabr 1964-cü ildə, axşam  Mərkəzi Komitənin Plenumu öz işinə başladı. İclası açan Podqornı Mərkəzi Komitənin üzvlərinə  gündəlikdə olan  “Sov.İKP MK birinci katibi  N.Xruşşovun düzgün olmayan fəaliyyəti ilə əlaqdar Mərkəzi Komitədə yaranmış anormal vəziyyət haqqında” məsələni elan etdi.

Sonra bu məsələ ilə bağlı böyük məruzə ilə Susulov çıxış edib.

Məruzə ətrafında müzakirə açılmayıb və dərhal Mərkəzi Komitənin Plenumunun qərarı qəbul olunub. Qərarda bu bəndlər əks edilib:

Yoldaş Xruşşovun yaşı və sağlamlıq vəziyyətinin pisləşməsini nəzərə alaraq, onun Sov. İKP Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən azad olunması barədə xahişini qəbul etmək;

  1. Brejnevi Sov.İKP MK-nın birinci katibi seçmək;

SSRİ Nazirlər Sovetinin Sədri postuna A. Kosıgini tövsiyə etmək”.

Beləliklə, Mərkəzi Komitənin oktyabr Plenumu Xruşşovun siyasi karyerasına yağlı bir nöqtə yapışdıraraq,  “xruşşov ilıqlaşması” erasına son qoydu.  Bu epoxaya isə  indiyə qədər tarix elmində və publisistikada ən müxtəlif qiymət verilir…

Azpost.info