SSRİ-də Qarabağ davasının səbəbkarı Abel Aqanbekyan:“Heç nə bilmirəm... Xatırlamıram...Belə suallar verməyin!” (MÜSAHİBƏ)

SSRİ-də Qarabağ avanturasını körükləyən akademik Abel Aqanbekyan 34 ildən sonra Azərbaycan jurnalistinin suallarına tuş gəlib.

Azpost.info bildirir ki, A.Aqanbekyan SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. Məhz onun 1987-ci ildə Fransanın “Humanite” qəzetinə verdiyi açıqlama Qarabağ münaqişəsinin başlanması üçün bir siqnal olub.

16 noyabr 1987-ci ildə Aqanbekyan Parisdə “İnterkontinental” otelində Fransada yaşayan ermənilərlə görüş zamanı bildirib ki, Dağlıq Qarabağ Ermənistana qaytarılmalıdır. O deyib ki, bu barədə təklifi artıq SSRİ rəhbərliyi qarşısında qaldırıb və həyata keçəcəyinə ümid edir.

Onun açıqlaması fransız kommunistlərinin “Humanite” qəzetində dərc olunub. Bu qəzet isə o zaman SSRİ-də yayımlanırdı. Bundan sonra Azərbaycan Qarabağa dair ərazi iddialarından xəbər tutdu. 3 aydan sonra Ermənistanda və Dağlıq Qarabağda ermənilərin Azərbaycandan ayrılmaqla bağlı separat hərəkatı başladı.

1988-1994-cü illərin qanlı Qarabağ münaqişəsi 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın qələbəsi ilə başa çatdı.

 

Caliber.az saytının əməkdaşı Abel Aqanbekyanı axtarıb tapıb.

-Salam, Abel Qezeviç! Bakıdan jurnalist sizinə danışır. Bilmək istəyirdik, Azərbaycan Qarabağı qaytarandan sonra indi özünüzü necə hiss edirsiniz?

– Salam! Heç bir hissim yoxdur. Mən heç nə bilmirəm. Mən erməni məsələsi üzrə mütəxəssis deyiləm.

-Yadınıza salın, 1987-ci ilin noyabrında siz mütəxəssis kimi Parisdə bəyan etmişdiniz ki, “Qarabağ ermənilərinin Azərbaycandan çox Ermənistanla sıx əlaqələri var”…

-Yox, mən heç nə xatırlamıram, heç xatırlamaq da istəmirəm. Mən ümumiyyətlə nə Ermənistan nə də sizə müsahibə vermirəm. Bununla maraqlanan siyasətçilərə zəng vurun. Mən iqtisadçıyam. Rusiya iqtisadiyyatı barədə sual verin, cavab verim.

-Yaxşı, iqtisadiyyatdan sual verək. Ermənistan bu əraziləri işğal edəndən sonra Qarabağ ermənilərin yaşayışı yaxşılaşdımı?

– Mən Ermənistan üzrə mütəxəssis deyiləm. Mən 10 il bundan əvvəl bununla məşğul olmuşam. İndi bilmirəm orada nə necədir. Son 10 ildə mən Qarabağda olmamışam. Sizə nə deyə bilərəm axı? Mənə elə suallar verirsiniz ki…Mən siyasi mövzularda heç vaxt çıxış etmirəm.

-Amma bu sizə 1987-ci ildə danışmağa mane olmayıb….

-Mən sizinlə bu barədə danışmayacağam. Başa düşürəm, bu sizi maraqlandırır. Amma mənim buna heç bir aidiyyətim yoxdur. Sağ olun!

89 yaşlı Abel Aqanbekyan Rusiya Elmlər Akademiyasında işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“BP payını satsa da, Azərbaycandan getmək fikri yoxdur”-

Sonrakı məqalə

Tunisdə ilk dəfə qadın Baş nazir təyin edilib