Azərbaycan kino sənətinin ən maraqlı və siyasi mesajı olan “Lətifə” filminin 35 yaşı tamam olur.
Film 1989-cu ildə “Azərbaycanfilm” kinostudiyası “TİSkino” ilə birgə çəkilib. Rövşən Ağayevin ssenarisi əsasında çəkilən filmə Nizami Musayev və Yefim Abramov quruluş verib. “Universal” kommersiya bankının sponsorluğu ilə çəkilən kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülüb.
Əsərdə üç süjet xətti var onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.
XX əsrin 80-ci illərinin sonu. Kommunist partiyasının məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar їündəlik ictimai həyat normasına çevrilib: yeni mikrorayona kanalizasiya çəkilməyib, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmaq məqsədilə xaricə göndərilir.
Müəlliflər burda sözləri ilə əmələri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Filmdəki hadisələrin gülüşlə müşayiət olunmasına baxmayaraq, bu gülüşün arxasında ciddi problemlər durur. Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Filmin ssenarisi qəbul olunduqdan sonra təbii ki, ilk növbədə formal xarakter daşıyan sınaq çəkilişləri ararılmalı və rollara uyğun aktyor heyəti seçilməli idi. İstər Nizami Musayev, istərsə də Yefim Abramov hələ ssenarinin oxunuşu zamanı nəzərdə tutduqları aktyorları hansı rolda gördükləri ilə bağlı fikir mübadiləsi aparıblar. Loğman Kərimovun dediyinə görə, hər iki recissor filmdə çəkilən aktyorların oyununa kifayət qədər bələd olduqları üçün sonda üstünlüyü əvvəlcədən nəzərdə tutduqları ifaçılara veriblər.
Bu baxımdan Xuraman Hacıyeva da təsadüfən rejissorların diqqətini çəkməyib.
Aktrisa deyirdi ki, günlərin bir günü kinostudiyaya-dublyaja gedib: “Orada bir nəfər mənə yaxınlaşaraq yeni bir filmə çəkilməklə bağlı fikrə necə baxmağımı soruşdu. Əvvəlcə etiraz etdim, ancaq qısa fikir mübadiləsindən sonra belə qərara gəldim ki, ssenarini oxuduqdan sonra qərar çıxarsam daha yaxşı olar. Mənə yaxınlaşan şəxs yaradıcı heyətin bir yerə yığışdığı otağa gedərək orada yeni qrupla, eyni zamanda da filmin ssenarisi ilə tanış olmağımı təklif etdi. Qısa tanışlıqdan sonra sınaq çəkilişləri ilə maraqlandım. Məlum oldu ki, sınaq çəkilişləri olmadan aktyor heyəti filmə cəlb olunub. Beləliklə Xəlilova rolu mənə tapşırıldı. Film çox sürətlə çəkildi, 21 günə başa çatdı”.
Otaq şəraitində çəkilən kadrlar əsasən pavilyonda, natura səhnələri isə 9-cu mikrarayon tərəflərdə, eyni zamanda isə Bakının bir neçə küçəsində aparılıb. Filmin kütləvi səhnələrinə kinostudiyanın işçiləri ilə yanaşı, eyni zamanda da çəkilişlərin aparıldığı məkanda yaşayan camaat da cəlb olunub.
Çəkilişlərin getdiyi ərəfədə Xuraman Hacıyeva Gənc Tamaşaçılar Teatrında çalışır, eyni zamanda isə Dublyaj redaksiyasında fəaliyyət göstərirdi: “Yaxşı yadımdadır ki, film yüksək səviyyədə qəbul olunmasına baxmayaraq, hardasa 2 il müddətində nümayişinə qadağa qoyuldu. Qadağaya səbəb nə idi? Məlumdur ki, film başdan-ayağa o dövrü, dövrün qayda-qanununu tənqid edirdi. İki ildən sonra SSRİ-də “QKÇP” adı ilə düşən çevriliş baş verdi Mənim bildiyimə görə, filmin rejissoru Nizami Musayevlə birgə 4 nəfər Moskvaya köməyə getmişdi. Orada köməyə gələn bu şəxslərin kimliyi ilə maraqlanıblar. Nizami Musayev özünü təqdim edib və onu da deyib ki, yeni bir film çəkib və müəyyən səbəblərlə bağlı filmin nümayişinə qadağa qoyulub. Elə həmin məqamda da filmin nümayişi ilk dəfə olaraq Moskva televiziyası vasitəsilə yayımlandı. Bundan sonra filmin yayımı Azərbaycan televiziyasında oldu. Beləcə “Lətifə” filmi işıq üzü gördü”.
Filmdə SSRİ-də partiya məmurlarının necə fəaliyyət göstərməsi qabarıq surətdə əks olunur. Ola bilsin ki, konkret olaraq hər hansı partiya məmurunun prototii də var: “Yəqin ki, prototiplər var. Ancaq etiraf etməliyik ki, hər bir filmdə kontkret olaraq prototiplər olur. Bu, “Lətifə” filmində daha geniş xarakter alıb. Yaxşı yadımdadır ki, yaradıcı qrupun üzvləri çəkiliş vaxtı bir-birinə deyirdi ki, “bu filmə görə ya bizi tutacaqlar, ya da hamı ifamızı dəstəkləyəcək”. Xoşbəxtlikdən fikrimizdə olan ikinci durumla üzləşdik, hamı bizi qəbul etdi, cəsarətimizi alqışladı”.
Filmdə katibə rolu yeganə roldur ki, onun ifaçısı Moskvadan dəvət olunub.
X.Hacıyeva deyirdi ki, Yelena Kostinanın oynadığı katibə rolunu yaratmaq öncə Həmidə Ömərovaya təklif olunub. Ancaq ssenari ilə tanış olan aktrisa katibə roluna çəkilməyə etiraz edib. Bu da ondan irəli gəlirmiş ki, ssenariyə əsasən katibə rolunun ifaçısı bir növ açıq-saçıqlıq nümayiş etdirməli imiş.
Filmdə ana roluna dəvət olunan aktrisa Lətifə Əliyevaya ilk gündən xəbərdarlıq ediblər ki, obraza uyğunlaşmasa başqa bir aktrisanı yoxlama çəkilişlərinə çağıracaqlar.
L.Əliyeva üçün yoxlama keçirilib: “Bu, təbii bir hal idi. Ana rolunu məndən də yaxşı yaradan bir aktrisa ola bilərdi. Yəqin buna görə əvvəlcədən mənə xəbərdarlıq etdilər ki, sonra heç bir inciklik olmasın”.
Filmin rejissorları öncə belə qərara gəliblər ki, aktrisa Şəfiqə Məmmədovanı ana roluna dəvət etsinlər: “Ancaq bu qərarın hansı səbəbdən dəyişdiyini bilmirəm. Bircə onu bilirəm ki, bir çox fikir mübadiləsi aparıldıqdan sonra mənim ifamı önə çəkiblər”.
Filmin çox qısa bir müddətdə çəkildiyi məlumdur. Ancaq hər aktyorun çəkildiyi kadrları nəzərə alsaq, onda məlum olur ki, Lətifə Əliyeva bir ay ərzində ana rolunun səhnələrinə çəkilib: “Bu bir ay mənim üçün məşəqqətə çevrilmişdi. O mənada ki, özümü unudaraq mənə həvalə olunan ananın həyatını, onun sarsıntılarını yaşadım. Bu rol mənim üçün həyatın bir hissəsinə çevrilmişdi”.
Filmin ssenarisinə əsasən orada cərəyan edən hadisələr raykom katibinin qəbul otağında baş verir. Doğrudur ki, bir məkanda baş verən hadisələri lentə almaq çəkiliş qrupu üçün çox əlverişli imkanlar yaradırdı, ancaq çətin məqamlar da olurdu. Məsələn, raykom katibinin qəbul otağını görünüş baxımından olduğu kimi yaratmaq üçün maddi imkanlar geniş olmalı idi, əks halda isə inandırıcılıq olmazdı.
Xatırladaq ki, raykom katibinin qəbul otağı kinostudiyanın pavilyonunda qurulub.
Maraqlı aktyor heyətinin tərkib hissəsinə qatılan L.Əliyeva öncə tərəfmüqabillərinin kimliyi ilə maraqlanıb: “Mənə elə gəlir ki, güclü tərəfmüqabilindən çox şey asılıdır. Bu baxımdan filmdəki aktyor heyətinin, xüsusilə tərəfmüqabillərimin işindən çox razı idim. Onların hər birindən güc alırdım. Ceyhun Mirzəyevlə, Xuraman Hacıyeva ilə olan səhnələr, xüsusilə Rasim Balayevlə birgə çəkildiyim, layla çaldığım səhnə çox təsirli idi”.
Filmdə ananın(Lətifə Əliyeva) pəncərədən özünü atmağa cəhd etmə səhnəsi var. Bu səhnənin canlı alınması yalnız ana rolunun ifaçısından asılı deyildi, eyni zamanda onun ətrafında olanlar da öz təlaşlarını, həyəcanlarını canlı olaraq yaşamalı idilər. Buna görə çəkiliş üçün ilk öncə canlı pəncərə qarşısı hədəf götürülməliydi: “Çəkiliş üçün həqiqi pəncərə seçilmişdi, pəncərə doğrudan da hündür idi. Eyni zamanda isə həqiqətən də aktyorların üzündəki ifadə sanki baş verəcək faciəni izləyən kütlənin həyəcanından xəbər verirdi. Bu şəraitdə ananın həyəcanını yaşamaq məndən ikiqat artıq məsuliyyət tələb edirdi. Bir şeyə təəssüf edirəm ki, həmin kadrda mənim geniş planda çəkildiyim səhnə sonradan filmdən çıxarıldı. Etiraf edim ki, rejissorlardan gizlin, həmin kadrın hazır olmayan lentinə baxdım və dəhşətə gəldim. Əslində kino aləmində aktyora belə bir icazə verilmir ki, çəkildiyi, ancaq hazır olmayan lentə baxsın. O mənada ki, aktyor hazır olmayan materiala baxaraq təəssüflənə bilər, özünə inamı azala bilər və s. Axı səssiz, montajsız materiala necə baxmaq olar? Ancaq mən gizlin şəkildə bu addımı atmışdım. Həmin səhnə məni yaxşı mənada çox həyəcanlandırdı. Onu da qeyd edim ki, həmin səhnədə mənimlə birgə Rasim Balayev də geniş şəkildə çəkilmişdi. R.Balayev oynadığı rolun dili ilə “qorxma, ana” deyərək mənə yaxınlaşır. Yəni hər ikimizin ifası canlı alınmışdı. Təəssüf ki, sonradan həmin səhnə hazır materialdan çıxarıldı. Mənə elə gəlirdi ki, hazır materialdan çıxarılan 1 dəqiqəlik epizod mənim bütün oyunuma dəyərdi”.
Filmin nümayişinə qadağa qoyulması ilə bağlı, aktrisanın da deyiləcək sözləri var: “Qeyd edim ki, “Lətifə”, Sovet hökumətinin əleyhinə çəkilmiş bir film idi. Buna görə də bir neçə müddət nümayiş olunmadı, daha doğrusu imkan vermədilər. Əgər yadınızdasa, mənim rolumun da çox kəskin deyilən sözləri var idi. Pəncərəyə özünü atmaq üçün çıxan ana “tüpürüm bu hökumətə, tüpürüm, tüpürüm” deyə bir neçə dəfədən qışqıra-qışqıra təkrar edir. Filmdə işlənən bu kimi sözlər, fikirlər Sovet hökumətinin əleyhinə olaraq işlədilirdi. Filmin çəkildiyi ərəfədə artıq SSRİ parçalanmaq, dağılmaq üzrə idi. “Lətifə” filmi artıq bu parçalanmadan xəbər verirdi”.
Qeyd edək ki, film azərbaycan və rus dillərində dublyaj olunub.
L.Əliyevanı hər iki dildə başqa bir aktrisa səsləndirib.
Filmdə epizodik lal-kar rolunu yaratmaq üçün əvvəlcədən aktyor Loğman Kərimovun ifası nəzərdə tutulub. Bu, hər iki rejissorun Nizami Musayevlə birgə Yefim Abramovun da fikri olub. Bunun səbəbi isə aktyorun hər iki rejissorla dost olması idi ki, bu da təsadüfi deyildi. Hər iki rejissor onun aktyorluq ifasını bəyənirdilər.
L.Kərimov deyib ki, “Lətifə”, Azərbaycanda çəkilən ilk kommersiya filmi idi: Filmin ssenarisi güclü olduğu kimi, filmə cəlb olunan aktyor heyəti də güclü talanta malik idilər. 1988-ci ildə lentə alınan filmdə rejissorlar SSRİ kimi qüdrətli bir dövlətin tezliklə suquta uğrayacağını göstərməyə çalışmışdılar. Filmin çəkildiyi ərəfədə artıq SSRİ dağılmaq təhlükəsi ilə üzləşmişdi. Təbii ki, bunu filmin yaradıcıları-ssenari müəllifi də, rejissorları da artıq görürdülər. Beləliklə də filmin yaradıcı heyəti tez bir zamanda müəyyənləşdi və çəkilişlər başladı. Çəkilişlər bitdikdən sonra film SSRİ üzrə kinoprokata çıxdı. Yaxşı yadımda qalan odur ki, bir çox respublikalarda filmin nümayişinə qadağa qoyuldu”.
Hətta filmin lenti belə itirilir. Bununla bağlı yaranan mübahisələr isə saysız-hesabsız idi: “Xoşbəxtlikdən çəkilişdən əldə olunan hazır materialın surəti burada idi. Tez bir vaxtda filmin nümayişi öz ölkəmizdə böyük səs-küyə səbəb oldu”.
Aktyor qeyd edir ki, filmdə söhbət sovet ideologiyasından gedir: “Söhbət özülü olmayan, ancaq sözdə, şüarlarda olan yalançı sovet quruluşundan, sovet cəmiyyətindən gedir. Əgər fikir vermisinizsə, filmdə xalq qismində iki nəfər görünür. Bir mənim oynadığım lal-kar rolu, eyni zamanda isə bir nəfər fəhlədir ki, gəlir təmirlə məşğul olmağa, ancaq bilmir ki, nəyi, necə təmir etsin. Digərləri isə sovet dövlətini, guya ki, idarə edənlər, yalançı sovet ideologiyasını yaşadanlar idi. Filmdə əsasən diqqət mərkəzində dayanan qəbul otağıdır ki, hadisələrin də demək olar hamısı orada cərəyan edir. Ancaq qəbul otağında olanlar daima gözləmə mövqeyində dayanırlar. Onlar heç bir vaxt qəbula düşə bilmirlər. Yalnız Rasim Balayevin oynadığı obraz olan Rəhimov qəbula düşə bilər. Ona görə ki, ölkəni idarə edən də məhz elə Rəhimov obrazıdır”.
Rejissor Loğman Kərimovu lal-kar obrazına çəkməklə, onun üz cizїilərində hər şeyin şahidi olmasına baxmayaraq daima susaraq sakit oturması ilə tamaşaçıya nə demək istəyir? “İndi demokratiyadır, ona görə də hər kəs düşündüyünü demək hüququna malikdir. Ancaq o dövrdə bu mümkün olan iş deyildi. Mənim oynadığım lal-kar rolu düşündüyünü deyə bilməyən xalqı göstərirdi. Ancaq həmin xalqı məcbur edirdilər ki, lal-kar ola-ola Sovet İttifaqının himnini oxusun. Film də bunun üzərində qurulmuşdur ki, 226 milyondan artıq olan güclü bir dövlətin xalqı bu səviyyədədir”.
Filmdə ssenaridən irəli gələn obrazlar var idi ki, onların da hər biri güclü aktyor oyunu ilə nümayiş olunur. Təbii ki, güclü rejissor seçimi nəticəsində bu uyğunluq yaranmışdı: “Filmdə bir məqam da daima diqətdə olur. O da partiyadan aşağıda komsomol xəttinin olması və bu xəttin qabarıq şəkildə nümayiş olunması idi. Komsomol rəhbəri rolunu Rafiq Əliyev oynayır. Ancaq bu rol komsomol rəhbərindən daha çox faşistə bənzəyir ki, bu da Rafiq Əliyevin ifasında çox təbii alınmışdı, eyni zamanda rejissorların istəyi ilə faşizm məsələsi daha da qabardılmışdı”.
Bu kinokomediya Ümumittifaq ekranlarına vəsiqə alandan sonra Stavrorol diyarında nümayişi Sov. İKR Vilayət Komitəsi tərəfindən qadağan olunub.
Filmin nümayişindən sonra məlum olur ki, geniş tamaşaçı auditoriyası tərəfindən yüksək səviyədə qəbul olunub. Bunu görən N.Musayev belə qərara gəlir ki, “Lətifə-2” çəksin. Deyəsən, filmin ssenarisi də hazırlanır, ancaq məlum olmayan səbəbdən çəkiliş baş tutmur.
Filmin yaradıcı heyəti: Ssenari müəllifi Rövşən Ağayev, rejissor Nizami Musayev, Yefim Abramov, operator Bağır Rəfiyev, rəssam Kamil Nəcəfzadə, Nazim Hacıyev, bəstəkar-səs operatoru Nataliya Nuriyeva, rejissor assistenti Rafiq Orucov.
Rollarda iştirak edirlər: Rasim Balayev(Rəhimov), Ceyhun Mirzəyev(Məmmədov), Yaşar Nuriyev(Məmməd), Xuraman Hacıyeva(Xəlilova), Muxtar Maniyev(Kərimov), Aleksandr Şarovski(prokuror), Loğman Kərimov(lal-kar), Yelena Kostina(Alya), Lətifə Əliyeva(ana), Lalə Bağırova(Rimma), Əjdər Həmidov(Əhməd), Rafiq Əliyev(komsomol başçısı), Arif Kərimov(starşina Murtuzov), Nizami Musayev(Dünyaminov), Sadıq Hüseynov(istefada olan podpolkovnik), Tərlan Babayev(rəngsaz), Dadaş Kazımov(liftçi), Faiq Babayev(zavod direktoru).
Azpost.info