ABŞ prezidenti Co Bayden, vitse-prezident Kamala Harris, “Microsoft”un baş direktoru Satya Nadella, “Google” və “Alphabet”in baş direktoru Sundar Piçai cümə axşamı Ağ Evdə süni intellektlə bağlı riskləri müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Görüşdə süni intellekt ChatGPT əsasında çatbot hazırlayan Amerikanın OpenAI şirkətinin baş direktoru Sem Altman və keçmiş OpenAI əməkdaşlarının təsis etdiyi Anthropic şirkətinin baş direktoru Dario Amodei də iştirak edib.
Bayden vurğulayıb ki, “şirkətlər məhsullarının tətbiqi və yayılmasından əvvəl onların təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün məsuliyyət daşıyır”. Ağ Evin bəyanatında deyilir ki, iclas iştirakçıları “süni intellektlə bağlı risklərlə görə narahatlıqlarını bölüşüblər”.