Təhsil Nazirliyi:

"Sosial həssas ailələrdən olan 22 min tələbənin təhsil haqqını dövlət ödəyəcək"
14 Aprel 2020 - 13:17

“Nazirlər Kabinetinin 13 aprel 2020-ci il müvafiq qərarı 22 min tələbəni əhatə edəcək”.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bu tələbələrdən 16 500-ü ali təhsil müəssisələrində, 4500-ü orta ixtisas və 1000-ə yaxını isə peşə təhsili müəssisəsində təhsil alır: “Həssas əhali qrupu deyəndə bura ünvanlı dövlət sosial yardımı alanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələrindən I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alan ailələrin övladları aiddir. Yaxın 20 gün müddətində mülkiyyətindən və tabeliyindən asılı olmayaraq Azərbaycan ali, orta ixtisas və peşə təhsil müəssisələrində oxuyan və sosial həssas qrupa aid ailələrdən olan tələbələrin müəyyən olunması üçün Təhsil Nazirliyinin müvafiq sistemi üzərində iş aparılacaq. Təhsil müəssisələri sosial həssas qrupa aid olan tələbələrin sayını həmin sistemə yönləndirəcək. Bu sistemə daxil olan tələbələrin sayına uyğun olaraq da qərar icra olunacaq”.

C.Valehov qeyd edib ki, qərarın icrası üçün ümumilikdə 40 milyon manat ayrılacaq: “Bu, tələbələrin bütövlükdə 2 semestr ərzində ödəyəcəyi məbləğdir. Ödəniş iki semestri əhatə edəcək. Birinci 2019-2020-ci tədris ilinin yaz semestrini və ikinci 2020-2021-ci tədris ilinin payız semestrini əhatə edəcək. Orta ixtisas və peşə ixtisas təhsili müəssisələrində də eyni qayda ilə yarım illiklər üzrə ödəniş ediləcək. Bu, ümumilikdə götürüləndə 2 semestr olmaqla bir tədris ilinin ödənişi deməkdir”. 

Xatırladaq ki, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edib.