Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrindən Kiyevə hərbi yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
Azpost.info xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən NATO sammitinə müraciətində bildirib. “Ukraynanın sərhədsiz hərbi yardıma ehtiyacı var. Necə ki Rusiya məhdudiyyətsiz bütün arsenalını bizə qarşı istifadə edir. Onilliklər ərzində Rusiya çoxlu resurs toplayıb. Hərbi resurslar, texnika, bomba və raketlər. Dünya insan həyatına sərmayə qoyanda, onlar ölümə çılğın pullar yatırıblar”, – Ukrayna lideri bildirib.
Zelenski xatırladıb ki, bu, onun NATO-ya ikinci müraciətidir: “Hələ fevralın 24-də tam aydın, məntiqli xahişlə sizə müraciət etdim. Səmamızı bağlamağa kömək edin, xalqımızı rus bombalarından və raketlərindən qoruyun, dedim. Amma aydın cavab eşitmədm”.
O, sammit üzvlərinə müraciətində qeyd edib ki, rəsmi Kiyev alyansın tanklarının yüzdə birini istəyib, lakin heç bir cavab almayıb: “Tanklarla bağlı müraciət etdik ki, Rusiyanın yüz minlərlə insanı girov saxladığı, süni şəkildə aclıq yaratdığı, yaşayış massivlərini külə çevirdiyi şəhərlərimizin blokadasını aça bilək. Ən azı 20 min tankınız var! Ukrayna bütün tanklarınızın yüzdə birini istədi! Ver və ya sat! Yenə də dəqiq cavab yoxdur…”.
Zelenski NATO-dan Ukraynaya Alyansın təyyarələrinin bir faizini, həmçinin çoxsaylı reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri verməsini xahiş edib: “Ukrayna göstərdiyi hərbi yardıma görə bütün müttəfiqlərinə minnətdardır. Lakin bu, Rusiyanın hücumunu effektiv şəkildə dayandırmaq üçün kifayət etmir”.
Azpost.info