Türkiyə parlamentində təmsil olunan Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlar Ermənistanın Metsamor AES-nin qonşu ölkələrə mənfi təsirinin araşdırılması ilə bağlı məsələ qaldırıblar. Millət vəkilləri təklif edirlər ki, bu atom elektrik stansiyasının ətraf mühitə vurduğu zərər dəqiqliklə araşdırılsın.
Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, CHP-nin Zonquldak vilayətindən olan millət vəkili Dəniz Yavuz Yılmaz parlamentdə keçirdiyi mətbuat konfransında deyib: “Bizim partiya Metsamor atom elektrik stansiyasının Türkiyəyə və qonşu ölkələrə mənfi təsirini araşdırmaq üçün parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu problemin həlli məqsədilə konkret addımların atılması üzrə beynəlxalq rəy formalaşdırmaq istəyirik”. O əlavə edib ki, qanunverici təşəbbüsü 40 millət vəkili imzalayıb. Türkiyəli deputat bildirib ki, Metsamor AES Çernobıl qədər təhlükəlidir.
Metsamor AES 1976-cı ildə istismara buraxılıb və Türkiyənin Ermənistanla şərq sərhədindən 16 kilometr aralıda yerləşir. Stansiya Ermənistanın elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Lakin Ankara və Bakı onun beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi barədə dəfələrlə məsələ qaldırıblar. Ermənistan isə AES-in fəaliyyətini 2026-cı ilədək davam etdirməyi planlaşdırır.