“Türkiyənin Avropa Birliyinin köməyinə və dəstəyinə ehtiyacı yoxdur – dövlət həmişə müstəqil olub, özünü təmin edib”.
Azpost.info bildirir ki, bu sözləri prezident Ərdoğan ABŞ-ın PBS telekanalına müsahibəsində deyib.
O, Türkiyə ilə Aİ arasında qarşılıqlı əlaqələrin əsas tarixi mərhələlərini xatırladıb. Ankara 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə birliyə üzv olmaq üçün ərizə verib.
Danışıqlar uzun müddət dondurulub. Yalnız 2005-ci ildə bərpa edilib. Bu məsələdə hələ də fikir ayrılıqları konsensusa gəlməyə mane olur. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.
Nyu-Yorkda BMT Baş Assambleyasına getməzdən əvvəl Ərdoğan “Türkiyə ilə Aİ-nin yollarının tamamilə ayrıla biləcəyini” bəyan etmişdi. PBS telekanalının əməkdaşı Ankaranın təşkilata qoşulma prosesindən imtina etməyə hazır olub-olmadığını soruşub.
Ərdoğan bildirib ki, Aİ qərarlarına böyük əhəmiyyət verir. Əgər ittifaq müsbət qərar verərsə, Türkiyə bunu alqışlayacaq: “Əks halda, dövlət üzülməz – 50 ildir ki, “təşkilatın qapısında”dır”.
“Biz həmişə özümüzü təmin edən ölkə olmuşuq. Bizim heç vaxt Aİ-nin köməyinə, dəstəyinə ehtiyacımız olmayıb, ehtiyacımız da yoxdur”, – deyə Ərdoğan bildirib.
Azpost.info