Türkiyənin müdafiə naziri qazilərlə görüşüb –FOTO

Türkiyədə səfərdə olan Vətən müharibəsində yüksək orden və medallara layiq görülmüş bir qrup qazimizin qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşü olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri “kədərdə və sevincdə bərabər iki qardaş” kimi xarakterizə edən nazir Akar “Biz “Bir millət, iki dövlət”ik və buna ürəkdən inanırıq”, -deyə bildirib.

Azərbaycan Ordusunun Vətən müharibəsi ilə işğal altındakı Azərbaycan torpaqlarını azad etdiyini xatırladan nazir Azərbaycan Ordusunun bu əməliyyatı böyük uğurla həyata keçirdiyini və bu Zəfərin Türkiyəyə də xoşbəxtlik hissi verdiyini vurğulayıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərə isə şəfa diləyən Hulusi Akar: “Bizim vəzifəmiz Türkiyə və Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir. Beləliklə, gələcəyə daha güclü və inamla baxa bilərik”.

Azərbaycan qaziləri adına çıxış edən heyət rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, politoloq Emin Həsənli İkinci Qarabağ müharibəsi zamanı əldə edilən şanlı Zəfərdə Türkiyənin mənəvi dəstəyinin böyük rolu olduğunu xüsusi qeyd edib.

Əvvəlki məqalə

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Sonrakı məqalə

Valyuta məzənnələri