Türkmənistan prezidenti ölkənin neft sənayesinə nəzarəti oğluna tapşırıb –

FOTO
25 Noyabr 2021 - 16:07

Qurbanqulu Berdıməhəmmədov oğluna, baş nazirin iqtisadi məsələlər üzrə müavini Serdar Berdıməhəmmədova ölkənin neft-qaz kompleksinə nəzarət etməyi tapşırıb.

Bu barədə 24 noyabr tarixində “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Serdar Berdıməhəmmədova neft-qaz kompleksinin maliyyə vəziyyətinə, o cümlədən potensialının reallaşdırılmasına mütəmadi olaraq nəzarət etmək, bu sahəni daimi nəzarət altında saxlamaq tapşırılıb. Məlumatda bildirilir ki, ölkə qısa, orta və uzunmüddətli dövrlər üçün qaz ixracının coğrafiyasını genişləndirmək niyyətindədir və bu məqsədlə enerji sektoru hökumətin xüsusi diqqətində olmalıdır.

Dövlət başçısı həmçinin Maliyyə və İqtisadiyyat nazirliklərinə, o cümlədən Mərkəzi Banka ölkənin yanacaq-energetika kompleksinə daxil olan
müəssisələrin maliyyə-təsərrüfat vəziyyətini diqqətlə öyrənib vəziyyəti nəzarətdə saxlamaq tapşırığı verib.

Serdar Berdıməhəmmədovun 40 yaşı var. O, Qurbanqulu Berdıməhəmmədovun yeganə oğludur. Serdar 2020-ci ilin fevralında sənaye naziri, 2021-ci ilin fevralından isə Türkmənistan baş nazirinin müavini vəzifəsini icra edir. Eyni zamanda, ölkədə baş nazir postu yoxdur və hökumətə rəhbərliyi birbaşa prezident özü həyata keçirir. (Caspian Barrel)