“Ukrayna Silahlı Qüvvələri gələn qışda döyüş meydanında F-16 qırıcılarından istifadə etməyə başlayacaqlar”.
Azpost.info xəbər verir ki, bunu “The Wall Street Journal”a Kiyevdəki hərbi mənbələr bildiriblər.
Onların sözlərinə görə, ABŞ ən geci oktyabrda ukraynalı pilotların hazırlanmasına başlayacağı üçün bir neçə pilot 2024-cü ilin fevralında cəbhəyə getməyə hazır olacaq.
Nəşrin mənbələri əmindirlər ki, Birləşmiş Ştatlar yalnız beş ay ərzində təcrübəli F-16 pilotlarını hazırlaya bilər. Onlar həmçinin aydınlaşdırıblar ki, təlimə göndərilən pilotların birinci qrupuna hazırda ən azı 10 pilot daxildir.
F-16-nın döyüş meydanında istifadəsi Ukrayna qüvvələrini ABŞ-ın hərbi strategiyasının əsasını təşkil edən döyüş növünə – birləşmiş piyada, zireh, artilleriya və hava qüvvələrinə yaxınlaşdıra bilər. Bu, Rusiyanın cənubdakı müdafiə xətlərini sürətlə yarmağa və işğal olunmuş ərazini geri qaytarmağa kömək edə bilər.
Eyni zamanda, ABŞ rəsmiləri pilotların döyüşə hazırlanması üçün tələb olunan vaxta dair təxminlərində daha mühafizəkardırlar. Onlar deyirlər ki, qabaqcıl təyyarələri döyüşdə saxlamaq böyük texniki xidmət və logistik qüvvələr, eləcə də təlim xərcləri tələb edir. ABŞ rəsmiləri hesab edir ki, ukraynalılar ən azı 2024-cü ilin ortalarına qədər F-16-da döyüş uçuşlarına hazır olmayacaqlar.
Azpost.info