“Ukrayna Rusiyanı müharibəyə çəkmək istəyir…” –Lavrovdan açıqlama

Rusiyanın xarici işlər naziri noyabrın 1-də Ukrayna liderlərini Moskvanı Ukraynanın şərqindəki münaqişəyə çəkmək cəhdində ittiham edib.

Reuters yazır ki, Sergey Lavrovun bu ittihamı Donbasda hökumət qoşunları ilə rusiyayönlü separatçılar arasında gərginliyin artdığı bir vaxtda səslənib: “Biz Rusiyanı hər hansı bir döyüşə cəlb etmək məqsədilə törədilən təxribatların, silahlıları reaksiya verməyə məcbur etmək cəhdlərini müşahidə edirik”.

Dövlət televiziyasına müsahibəsində Lavrov “silahlılar” deyəndə moskvayönlü separatçıları nəzərdə tutub.

Moskva ilə Kiyev arasında münasibətlər keçən həftə Ukrayna silahlı qüvvələri separatçıların mövqelərinə Türkiyə istehsalı Bayraktar TB2 dronu ilə zərbə endirdikdən sonra gərginləşib.

Bu arada Birləşmiş Ştatların və Avropa İttifaqı ölkələrinin rəsmiləri Rusiyanın Ukrayna ilə sərhəddə yenidən qoşun cəmləşdirməsi haqqında xəbərlərlə bağlı narahatlıq ifadə ediblər.

The Washington Post qəzeti yazır ki, ABŞ və Aİ hələki heç bir rəsmi bəyanat verməyib, lakin rəsmilər Ukrayna sərhədində yaranmış vəziyyəti ötən aprel ayındakı situasya ilə müqayisə edirlər.

O vaxt ABŞ və Qərb Rusiyanın Ukrayna ilə sərhəddə və ilhaq olunmuş Krımda canlı qüvvə və hərbi texnika toplamasından narahat olmuşdu.

The Washington Post əlavə edir ki, son günlərdə Donbasda vəziyyət xeyli gərginləşib və atışmalar nəticəsində ölənlər və yaralananlar var.

Azadlıq Radiosunun Rus xidməti yazır ki, sosial media platformalarında Rusiya hərbi texnikasının yerdəyişməsini göstərən videolar yayılıb.

Ukrayna hökuməti bildirir ki, onun məlumatına görə sentyabrda keçirilmiş Zapad-2021 hərbi manevrlərindən sonra Rusiya qoşun hissələrinin bir çoxu daimi dislokasiya yerlərinə qaytarılmayıb və hazırda Ukrayna sərhədi boyunca 90 min Rusiya hərbçisi var.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanı dezinformasiya yaymaqda ittiham edib. Nazir bildirib ki, belə dezinformasiyalardan biri də Kiyevin guya Donbasda hərbi gücdən istifadə etməyi planlaşdırmaması barədədir.

Bundan əvvəl Rusiya bildirmişdi ki, Donbasdakı separatçıların üzərinə hər hansı hərbi hücum Ukrayna dövlətinin varlığını sual altında qoya bilər.

Bununla belə Moskva Donbasdakı separatçılara dəstək verdiyini cidd-cəhdlə danır və Ukraynaya müdaxilə niyyətində olmadığını bildirir.

Ukraynanın şərqində gedən münaqişə artıq yeddi ildir ki, davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskva aeroportlarında çox sayda reys ləğv olunub

Sonrakı məqalə

“Azərbaycan barədə çox şeyi bilmirdim” –