Uzun yaşamağın sirrini araşdıran alimlər nəyi tapıblar?

Alimlər uzun yaşamağın sirrini araşdırıblar. Belə ki, Edith Covan Universitetinin tədqiqatçıları elmi araşdırmasında yeni insanlarla tanışlıq, təbiətlə təmasda olmaq, gəzmək və sağlam qidalar qəbul etmək kimi halların qocalma prosesini ləngitdiyini müəyyənləşdiriblər.

“The İndependent” nəşri xəbər verir ki, alimlər turizmlə əlaqəli bu təcrübələrin gənc qalmağa kömək etdiyini bildiriblər.

Araşdırmanın aparıcı müəlliflərindən biri olan Fangli Hu qeyd edib ki, turizm yalnız istirahət və əyləncədən ibarət deyil, həm də şəxsi və sosial sağlamlıqda mühüm rol oynayır: “Meşələr və ya çimərliklər kimi gözəl mühitlər fiziki fəaliyyəti artırır, stressi azaldır və psixi sağlamlığımıza töhfə verir. Digər turistlər, yerli sakinlər və hətta heyvanlarla təmas bizim əhval-ruhiyyəmizə və idrak qabiliyyətimizə xeyir verir. Səyahət həm də sağlam qidalanmağa səbəb olur”.

“JAMA Network Open” elmi jurnalında dərc olunan yeni məqalədə 25 illik tədqiqatın nəticələri açıqlanıb. Sağlam pəhrizə riayət edən 25 mindən çox qadının ölüm riskinin yüzdə 23-ə qədər azaldığı müşahidə edilib.

Son araşdırmalar göstərir ki, turizm də mənfi təcrübələrə səbəb ola bilər. Yeni şəraitə uyğunlaşmaqda çətinliklər ola biləcəyi, səyahətlə bağlı yoluxucu xəstəliklər, qəza və zorakılıq riskinin arta biləcəyi də diqqətə çatdırılıb.

F.Hu bildirib ki, bəzi yerlər narahatlıq və depressiya ilə mübarizə aparan insanları daha da pis hiss etdirə bilər: “Bu qədər mənfilik faydalı olmaya bilər. Yəni insanın vəziyyəti, ehtiyacları və sağlamlıq vəziyyəti nəzərə alınmaqla səyahət növü müəyyən edilməlidir. Gələcək tədqiqatlar isə səyahət və demans kimi xroniki xəstəlikləri olan insanlar arasındakı əlaqə haqqında olacaq. Turizm və səhiyyənin kəsişməsi yeni qapılar aça bilən böyük bir araşdırma sahəsidir. Turizmin sağlamlığa necə təsir edə biləcəyini ətraflı izah etmək istəyirik”.

Merilend Universitetində Yaşlanma Mərkəzinin direktoru Jie Chen tədqiqatla razılaşaraq qeyd edib ki, araşdırma ümumilikdə sağlam qocalmanın ruhunu vurğulayır. (Azərtac)

Əvvəlki məqalə

Türkiyənin müdafiə naziri və hərbi rəhbərliyi Bakıya gəlib –

Sonrakı məqalə

Bu həftə göydə iki ay görünəcək –