“Vaqner”ə qoşulanlara 15 il həbs veriləcək- Rusiyalı generaldan AÇIQLAMA

“Səfərbər edilmiş şəxslər “Vaqner”ə qoşulsalar, 15 il müddətinə həbs olunacaqlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının deputatı, general-leytenant Viktor Sobolev bildirib.

“Bu şəxsləri 15 ilə qədər həbs gözləyir. Düşdükləri hərbi hissələrdə qalsınlar və vəzifələrini yerinə yetirsinlər. Cəbhədə ordunu tərk edə bilməzlər”, – Sobolev deyib.

Eyni zamanda, o, “Vaqner”i “qeyri-qanuni silahlı birləşmə” adlandırıb:  “Bizim dövlətimiz var. Dövlət silahlı qüvvələrin yaradılması, inkişafı və istifadəsində mütləq monopoliyaya sahib olmalıdır. Özəl şirkətlər buna yaxın dura bilməz”, – Sobolev vurğulayıb.

Qeyd edək ki, Ulyanovsk vilayətindən səfərbər edilmiş bir qrupun videomüraciəti yayılıb. Onlar təchizat, döyüş sursatı və yaralıların evakuasiyasında problemlər yaşadıqlarını və “Vaqner”ə  qoşulmaq istədiklərini bəyan ediblər. “Biz hamımız könüllüyük, könüllü olaraq Vətənimizi müdafiə etməyə gəlmişik. Lakin indiki vəziyyətlə əlaqədar “Vaqner”in bölmələrində olmaq istəyirik ki, arxamızda arxa cəbhənin olduğunu bilək” – müraciətdə deyilir.

Baxmuta hücum üçün həbsxanalardan muzdlu əsgərlər toplamasına qadağa qoyulan Priqojin daha əvvəl bildirmişdi ki, səfərbər olunmuş ruslar könüllü olaraq onun dəstəsinə qoşulurlar.

Vəziyyəti şərh edən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri bildirir ki, Rusiya Müdafiə Nazirliyi Baxmutun ələ keçirilməsini sürətləndirmək üçün “Vaqner”lə əməkdaşlığı gücləndirmişdi. Lakin Priqojin mayın əvvəlində Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovu və müdafiə naziri Sergey Şoyqunu ona lazımi miqdarda mərmi vermədiklərinə görə ağır sözlərlə təhqir edib. Üstəlik, mayın 10-da Baxmutdan geri çəkilmək planlarını açıqlasa da, vədinə əməl etməyib. Bundan sonra “Washington Post” qəzeti Pentaqonun məxfi sənədlərinə istinadən yazıb ki, Priqojin Ukrayna Silahlı Qüvvələrinin Baxmutdan geri çəkilməsi müqabilində rus qoşunlarının mövqeləri haqqında məlumatları Kiyevə ötürməyi təklif edib.

Priqojin özü Ukrayna nümayəndələri ilə təmaslarını təkzib edib və bütün bunların onu gözdən salmağa hesablandığını bildirib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə seçkilərin ikinci turu keçiriləcək –

Sonrakı məqalə

Kılıçdaroğlu seçicilərə müraciət etdi