Varislik ənənəsi olmayan DİASPORAMIZ –

“Varlı rəhbər” yoxsa, bacarıqlı lider əsasdır? (TƏHLİL) 
08 Sentyabr 2019 - 17:15

Bu gün Azərbaycan diasporu özünün formalaşma dövrünü yaşayır. Tarix elə gətirib ki, 70 ildə kommunist ideologiyası altında mövcud olmuş Azərbaycan özünün xaricə olan bağlarından tamamilə məhrum olub. Bizim diaspora tarixşünaslığımız öyrənilməyib və o illərdə əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar arasında “sələflər və xələflər” zənciri formalaşmayıb.

İndi-indi Avropada, Rusiyada, Birləşmiş Ştatlarda, Türkiyədə olan diaspora təbəqəmiz mövqelərini möhkəmləndirir. Halbuki, düşmən Ermənistanın diaspora tarixi 100 ildən artıq tarixi əhatə edir. Lakin buna baxmayaraq xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımız getdikcə bu yöndə təsirli imkanlara yiyələnirlər. Bu baxımdan yürüdülən dövlət siyasətinin ardıcıllığı və prioritetliyi diaspora quruculuğunda nəticələr əldə edilməsinə imkan yaradıb.

Ölkəmiz üçün bu gün diaspora mövzusu öz aktuallığı baxımından mühüm əhəmiyyət daşıyır. Əgər illər öncə diaspora yalnız mədəni-humanitar xarakter daşıyırdısa, bu gün onun siyasi mesajı daha böyükdür. İndi diaspora qurumları mövcud olduqları xarici ölkələrdə Ana Vətənin vizit kartı olmaqla yanaşı dövlətlərarası ictimai-siyasi münasibətlərin də mühüm həlqəsinə çevriliblər.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gördüyü iş bu baxımdan kənarda qoyula bilməz. 10-15 il öncə Azərbaycanın kütləvi informasiya vasitələrində xaricdə yaşayan həmvətənlərimizlə bağlı məlumatlandırma özünün pərakəndəliyi ilə seçilirdi. Müxtəlif ambisiyalı, müəmmalı şəxslərin Azərbaycan adından xarici ölkələrdə bəyanatları və kütləvi informasiya vasitələrində müəyyən təmənnalı şərtlərlə onlar haqqında verilən yazılar bu baxımdan o dövrün xarakterik hallarından idi. Lakin 2000-ci illərdən başlayaraq dövlət siyasətində diaspora xətti prioritet olaraq önə çıxmağa başladı. Bu isə öz növbəsində KİV-lərdə diaspora mövzusuna marağı artırdı. Bu gün istər ənənəvi çap mətbuatında, istərsə də internet mediada diaspor təşkilatları ilə bağlı xəbərləri tez-tez oxumaq olur. Amma bu xəbərlərdə hələ ki, standart ifadələr, başqa ölkələrdə mövcud olan müəyyən qurumların təbliğatını aparma cəhdləri hiss olunur. Kütləvi informasiya vasitələrində diaspora mövzusu yalnız müxtəlif təşkilatların keçirdiyi tədbirlərdən, ənənəvi materialların təqdimatından o yana getmir. Diaspora hərəkatının siyasi mesajları və xarici ölkələrin ictimai həyatına bu təşkilatların təsir mexanizmləri barədə az məlumat var.

Diasporanın fəaliyyətinin geniş təbliği üçün yeni forma və üsullardan istifadə edilməlidir. Burada internetin, yeni medianın, və onlayn KİV-ləri mühüm rıçaqdır. Beynəlxalq şəbəkə bu baxımdan diaspora təbliğatı üçün əvəzsiz imkanlar yaradıb. Əvvəllər uzaq ölkələrdə yaşayan soydaşlarımız barədə yalnız məktub, faks və səfər təəsüratları əks olunmuş yazılar yazılırdısa, bu gün internetin sayəsində KİV-in diaspora quruculuğu prosesində bilavasitə iştirak etmək imkanları yaranıb. Bunun üçün unikal şərait var. Sosial şəbəkələr, saytlar, bloqlar bu istiqamətdə təbliğatın aparılmasında böyük rol oynayır.

Digər tərəfdən diaspora mövzusunda yazıların keyfiyyəti tam dəyişdirilməlidir.Bu yazılarda qondarma pafos və sovetsayağı ritorikanı canlı faktlara və real təhlillərə əsaslanan yazılar əvəz etməlidir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporasının ictimai müstəviyə təsir imkanları, liderlik qabiliyyəti olan soydaşlarımızın təqdim olunması mühüm amildir. İkincisi, xarici dillərdə diaspora təşkilatlarımızın işinin effektiv təqdim edilməsi vacib məsələdir. Diaspora təşkilatları əlahiddə işləyən hər hansı brökratik bir aparat deyil.  Bu təşkilatların gücü və nufuzu soydaşlarmızın real, canlı dəstəyindən bilavasitə asılıdır. Müxtəlif ölkələrdə yaşayan diaspora təşkilatlarımızın yaratdığı bir sıra saytları izləyirəm. Qeyd etdiyim pafos və şablon yazı tərzi onlardan xali deyil. Qloballaşan dünya ilə ayaqlaşmaq üçün daha təsirli və çevik addımlara ehtiyac var. Xüsusilə informasiya əsri yeni şərtləri diqtə edir. Media proseslərin idarə edilməsində gözlənilməz üstünlük əldə edib. Odur ki, bu yeni şərtlər ənənəvi yanaşma sistemini tam dəyişdirməlidir.

Diaspora siyasətində ciddi nəticələrin əldə olunması üçün ilk növbədə xarici ölkələrdə yaşayan soydaşlarımız daha yaxşı təşkilatlanmalıdırlar. Bu ölkələrdə yaşayan ən yaxşı alimlər, jurnalistlər, ziyalılar, biznesmenlər diasporanın avanqardını təşkil etməlidirlər. Digər tərəfdən milli diaspora yaşadığı ölkədə öz liderini təqdim etməyi bacarmalıdır. Nufuzlu və yaşadığı ölkədə mövqe sahibi olmuş bu diaspora lideri orada yaşayan soydaşlarımızı təkcə ətrafında birləşdirməli deyil, onları eyni zamanda təsirli ictimai-sosial təsir rıçağı kimi yönləndirməyi bacarmalıdır.

Çünki öz ölkəsinin siyasi dəstəyini hiss etməyən diaspora heç bir halda hörmətli və nufuzlu qüvvəyə çevrilə bilməyəcək. Azərbaycanın strateji müttəfiqləri olan, dünya siyasətini həll edən ölkələrdə diaspora təşkilatlarını gücləndirmək əsas məsələ olmalıdır.

Diaspora quruculuğunda gənclərdən aktiv istifadə etmək lazımdır. Təşkilatlarda onlardan “ikinci skripka” kimi deyil, 10 ildən sonra diaspora qurumlarına rəhbərlik edəcək nəsil kimi yetişdirmək vacibdir. Hər il yüzlərə gənc oxumaq üçün əcnəbi ölkələrə üz tutur. Taleyini təhsil aldığı ölkə ilə bağlayan, oranı ikinci vətən kimi seçən gənclər də az deyil. Onlarla əlaqə kəsilməməlidir. Əcnəbi ölkədə karyera quraraq orada işləyən gənc soydaşlarımıza dövlət dəstəyi həmin gənci sabah güclü diaspora təşkilatı formalaşdırmağa aparacaq. Ən vacib olanı isə diaspora quruculuğunda nəsillərin bir-birini tamamlayacaq varisliyini formalaşdırmaqdır. Əsas hədəf mövqeyindən asılı olmayaraq hamını Azərbaycan dövlətinin maraqları ətrafında birləşdirmək və ölkələr arasında dostluq əlaqələrinə öz töhfələrini verməkdir.

Bu baxımdan Diaspora Üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin gördüyü işlər, koordinasiyalı işin təşkili üçün aparılan proses diasporanın təşkili üçün yeni imkanlar yaradır.  Qarabağ problemi, tariximzdəki faciəli hadisələr olan 20 yanvar, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında diaspora təşkilatlarının fəaliyyəti təqdirəlayiqdir. Təşkilatlanma ilə bağlı aparılan işləri də bu sırada qeyd etmək olar. Ölkəmizdə diaspora ənənəsi zəif olduğundan bu sahədə çatışmamazlıqlar da təbii qarşılanmalıdır. Amma bu heç bir halda kənara çəkilərək prosesdən uzaq durmağa əsas vermir. Kütləvi informasiya vasitələri ilə birgə iş mühüm əhəmiyyət daşıyır. Diasporanın tanıdılması və nufuzlu quruma çevrilməsi isə diasporada cəmləşən soydaşlarımızın bu yöndə səmimi, təmənnasız çalışmasından çox asılıdır.

Xaqani SƏFƏROĞLU

Azpost.info