Xaricdə yaşayan türklər üçün səsvermə nə vaxt başlanır?

Mayın 14-ü Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə aprelin 27-də başlayıb mayın 9-da (sərhəd məntəqələrində mayın 14-də) bitir.

Ali Seçki Qurumunun məlumatına görə, xaricdə 3 milyon 416 min 98 seçici qeydə alınıb. İlk üçlükdə Almaniya (1 milyon 501 min 152 seçici), Fransa (397 min 86 seçici) və Niderland (286 min 753 seçici) dayanır.

ABŞ-da 134 min 246 seçici var.

Ən az seçicinin olduğu ölkə kimi Braziliya göstərilir: 581 nəfər.

Prezident seçkisi ikinci tura (28 may) qaldığı halda xaricdəki seçicilər 20-24 mayda səs verəcək.

Novator.az bildirir ki, Millət Partiyası, Haqq və Azadlıqlar Partiyası, Gənc Partiya, Məmləkət Partiyası, Ədalət-Birlik Partiyası, Ana Vətən Partiyası, Yenilik Partiyası, Xalqın Qurtuluş Partiyası, Milli Yol Partiyası, Vətən Partiyası, Güc Birliyi Partiyası parlament seçkisinə təkbaşına qoşulub.

Sosialist Güc Birliyi ittifaqında Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı, Sol Partiya; Xalq ittifaqında Böyük Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası (siyahısında Demokratik Sol Partiyadan və Hür Dava Partiyasından da namizədlər var), Yenidən Rifah Partiyası, Milliyyətçi Hərəkat Partiyası; Əmək və Azadlıq ittifaqında Yaşıllar və Sol Gələcək Partiyası (siyahısında ittifaqdakı Əmək Partiyası və Xalqların Demokratik Partiyasından da namizədlər var), Türkiyə Fəhlə Partiyası; Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası (siyahısında ittifaqdakı Gələcək Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyasından, həmçinin Türkiyə İslahat Partiyasından da namizədlər var), Yaxşı Partiya; Ata ittifaqında Ədalət Partiyası, Zəfər Partiyası bir araya gəlib.

600 nəfərlik parlamentə ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanan partiya düşə bilər. İttifaqlarda bir partiyanın həmin həddə çatması kifayətdir.

Ali Seçki Qurumu 151 müstəqil namizədi də qeydə alıb.

Prezidentliyə dörd iddiaçı var: dövlət başçısı, Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan – Xalq ittifaqının namizədi; Məhərrəm İncə – lideri olduğu Məmləkət Partiyasının namizədi; millət vəkili, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu – Millət ittifaqının namizədi; müstəqil siyasətçi Sinan Oğan – Ata ittifaqının namizədi.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura çıxır.

Əvvəlki məqalə

Rusiya dünyanın gözündən düşüb –

Sonrakı məqalə

Kann Kino Festivalının afişası təsdiqlənib –