Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, Qaydaya əsasən, Azərbaycan Respublikasının konsulluqları (yəni, səfirliyin konsulluq şöbəsi, baş konsulluq, konsulluq, vitse-konsulluq və konsulluq agentliyi) xarici ölkələrdə konsulluq dairəsində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparır.
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə aparılır.
Üç aydan artıq xarici ölkədə yaşayan (müvəqqəti yaşayan) Azərbaycan Respublikasının vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar. Uçot zamanı uçot vərəqəsi doldurulur və xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədinin kserosurəti əlavə olunur. Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə müvəqqəti yaşayış müddətinin bitməsi ilə əlaqədar xarici ölkəni tərk etdiyi tarixdən sonra onun uçot vərəqəsi 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir.
Dəyişikliyə əsasən, xarici ölkələrdə daimi yaşayan Azərbaycan vətəndaşları ilə bərabər artıq xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının da uçot vərəqəsində hərbi vəzifəsi qeyd ediləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları”nda dəyişiklik “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli qanuna müvafiq olaraq edilib. Qanuna əsasən, konsul xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hərbi uçotunu aparmalı, kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan Respublikasında daimi yaşayış yerlərindəki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməsini təmin etməlidir.