Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov, Samir Qaçay oğlu Məmmədov və Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Samir Qaçay oğlu Məmmədov buna qədər Nazirliyin Aparat rəhbəri postunu tutub.
1974-cü il iyunun 15-də Bakı şəhərində anadan olub. 1993-1998-ci illərdə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alıb və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.
1993-1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb.
1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator, 1998-1999-cu ildə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer, 1999-2006 -cı illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləyib.
2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub. 2008-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.
2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib. 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Rus və ingilis dillərini bilir. Ailəlidir.
Əhmədov Fərid Turab oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri postunu tutub. 2021-ci ilin noyabrından “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.
Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb. O, həmçinin Böyük Britaniyanın Oksford Universitetində fəlsəfə elmləri doktoru (PHD) dərəcəsinə yiyələnib. 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir.
Ailəlidir, üç övladı var.
Cavid Qurbanov bu təyinata qədər “Azərbaycan Dəmiryolları” ASC-nın sədri postunu tutub.