Azərbaycanda yol polisi hər zaman gündəmdə olan bir sahə olub. Cəmiyyətin ən çox danışdığı, medianın daha çox yazdığı sahələrdən biri də məhz yol polisidir. Uzun illərdir cəmiyyət olaraq yol polisində islahatların aparılmasına çağırışlar edirdik. Və general-polkovnik Vilayət Eyvazov daxili işlər naziri təyin edildikdən sonra bu sahədə xeyli dəyişikliklərə imza atdı. İlk növbədə Baş Dövlət Yol Polisi İdarəsində dəyişikliklər edildi. Ardınca yol polisinin geyimi, istirahət və iş rejimi dəyişdi. Sürücü-polis münasibətlərinə xələl gətirən hərəkətlərə qarşı çox sərt mübarizə başladı. Buna görə onlarla yol polisi əməkdaşı işdən və ya daxili işlər orqanlarından kənarlaşdırıldı.
Respublikanın bir neçə rayonunda DYP rəisi dəyişdirildi, gənc kadlar irəli çəkildi. Yol polisində şəxsi heyətin iş və istirahət rejimində yenilik edildi. Eyni zamanda, Bakı şəhər DYP İdarəsində məşhur otaqların bir çoxu ləğv edildi, otaqlardakı əməkdaşların bir qismi yol nəqliyyat hadisəsi inspektoru kimi, bir hissəsi isə yollarda xidmət edən əməkdaşlar kimi işə cəlb edildi. Bu günlərdə isə Bakı şəhər DYP İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov daxili işlər nazirinin əmri ilə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərildi.
Nüşrəvan Səfərov uzun illərdir bu sahədə çalışan peşəkar kadrlardan biri idi. Cəmiyyətdə gedən prosesləri yaxından izləyən rəis idi. İlk dəfə məhz onun dövründə yol polisi cəmiyyətə daha yaxın olmaq üçün sosial şəbəkədə səhifə yaratdı, əlamətdar günlərdə sürücülər, piyadalar və yol polisi əməkdaşları üçün mədəni-kütləvi tədbirlər keçirildi. Şəxsən mənim təkliflərim əsasında sabiq rəis Nüşrəvan Səfərovun və onun müavini, YPX Alayının sabiq komandiri, polkovnik Rəşadət Babayevin, Alayın hazırkı komandiri, polkovnik-leytenant Malik İbrahimovun dəstəyi ilə sürücü və piyadaların maarifləndirilməsi istiqamətində bir neçə tədbir həyata keçirildi. Onlar Avtosfer.az saytında və digər mətbuat orqanlarında yol polisinin və Bakıda hərəkətin təşkilinə aid olan hər bir yazıya ciddi reaksiya verir, dərhal həllinə göstəriş verirdilər. Düzdür, aramızda bəzən fikir ayrılığı, narazılıqlar da olurdu. Lakin görülən işlər ümumən hərəkətin təhlükəsizliyi üçün idi. Ümid edirəm ki, DYP-nin yeni rəhbərliyi də bu cür işlərin davam edirilməsində maraqlı olacaq.
Toxunmaq istədiyim əsas məsələ yol polisində aparılan islahatları başqa məcraya yönləndirib cəmiyyətdə çaşqınlıq yaratmaq istəyi ilə bağlıdır. Birincisi, Nüşrəvan Səfərov hansısa nöqsana görə yox, yaş həddinə görə təqaüdə göndərilib. Onun 60 yaşı tatmam olmuşdu və nazir də buna görə onu təqaüdə göndərdi. Kimsə onun otağına kamera və ya radar qoyulması barədə gülünc xəbərlər yaymaqla məsələnin mahiyyətini dəyişməyə cəhd göstərir. Birincisi, bütün radarlar və kameralar Baş DYP İdarəsinin Mərkəzi Məlumat Sisteminə inteqrasiya olunub. Həmin xüsusi texniki vasitələrə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycanda kiminsə otağına kamera qoyub sürücülərə cərimə yazması sadəcə gülməli fikirdir. Nüşrəvan Səfərovun və Rəşadət Babayevin otağında kamera var idi. Onu da mən dəfələrlə gördüyüm üçün izahını verirəm ki, bəziləri bilsin. Rəisin otağındakı monitordan iki yerə baxmaq olurdu. Biri özünün qəbul otağına, digəri isə vətəndaşların qəbulu üçün nəzərdə tutulan 108-ci otağa baxırdı. Məncə, bu kameraların olması qəbahət deyil. Rəşadət Babayevin otağındakı monitordan da yalnız qəbula gələnləri görmək mümkün idi.
Rəşadət Babayev Bakıda avtoxuliqanlığın kökünü kəsənlərdən biri olub. Onun və Malik İbrahimovun xidmətləridir ki, bu gün “Beşmərtəbə” dairəsində və ya başqa yerlərdə şou göstərən avtoxuliqanlar yığışıb şou göstərə bilmir, əhalinin dincliyi təmin edilir. Məhz onların sayəsində Bakıda at oynatmağa çalışan sürücülərin əl-ayağı bağlandı. Çünki onlar bu cür hoqqabaz sürücülərə qarşı sərt mübarizə aparıblar. Bu gün Rəşadət Babayevdən, Malik İbrahimovdan narazı qalan sürücülər yalnız həmin sürücülər ola bilər.
Rəşadət Babayevdən narazı olan bir qrup da vardı ki, onlar da xorultulu səs çıxaran motosikletlərlə Bakını yarış meydanına çevirmək istəyən baykerlər idi. Bəzilərinə xoş gəlsə də, şəhərin mərkəzi küçələrində yaşayan insanlar gecələr xorultulu səs çıxaran avtomobillərin, motosikletlərin səsindən evlərində rahat yata bilmədiklərini dilə gətirib şikayət edirdilər. Adını çəkdiyim DYP zabitləri məhz bu cür intizamsız sürücülərin qarşısında dayanıblar.
Nüşrəvan Səfərovla Rəşadət Babayevin vəzifədən azad edilməsi daxili işlər naziri Vilayət Eyvazovun apardığı islahatdır. Bu islahatı cəmiyyət də istəyirdi. O zaman bu adamların işdən çıxarılmasından şou yaratmaq nəyə lazımdır? Həm deyirlər, DYP-də niyə islahat aparılmır, həm də aparılan islahatlarda “qara nöqtə” axtarmağa çalışırlar. Bir neçə ay öncə yazırdılar ki, Nüşrəvan Səfərovun 60 yaşı tamam olub, qanunla vəzifədə qala bilməz. Nazir də buna əsaslanıb onu təqaüdə göndərdi. İndi də başlayıblar ki, otağında kamera var idi, ona görə işdən çıxarılıb. Əslində, o buna 6 ay əvvəl hazırlaşırdı…
Rəşadət Babayevin işdən çıxarılması da aparılan islahatların tərkib hissəsidir. Birincisi, Rəşadət Babayev DİN-in sərəncamına götürülüb. Yəni, başqa vəzifəyə də təyin edilə bilər. Yəni bəziləri tam əmin olsun ki, nazir onu hansısa nöqsana görə işdən azad etməyib. Yeri gəlmişkən, onun haqqında yayılan əsassız xəbərlər Bakı şəhər Baş Polis İdarəsi tərəfindən təkzib edildi.
Bakı şəhər DYP İdarəsinə təyin edilən yeni rəis, polkovnik-leytenant Rəşid Piriyev uzun illərdir daxili işlər orqanlarında çalışır. Məşhur Bərdə taborunun yardılmasında yaxından iştirak edib. Qarabağ müharibəsində bir qardaşı şəhid olub. Özü peşəkar kəşfiyyatçı kimi bir çox uğurlu əməliyyatlar keçirib. Polis əməkdaşı olaraq nizam-intizam məsələlərinə çox həssas yanaşır. Görünür, daxili işlər naziri Vilayət Eyvazov məhv bu keyfiyyətlərinə görə onu Bakı şəhər DYP İdarəsinə rəis təyin edib. Diqqət etsəniz görərsiniz ki, Rəşid Piriyevin idarə rəisi, Malik İbrahimovun isə Alay komandiri təyin edilməsindən sonra paytaxtda nəqliyyatın hərəkətində intensivlik artıb. Konkret olaraq 20 Yanvar dairəsi, “Koroğlu” metrosunun ətrafı, daha çox sıxlıq müşahidə olunan küçələr, yollar, yolayrıcları, təhlükəli piyada keçidləri nəzarətə götürülüb və hərəkətin təhlükəsizliyi təmin edilib. Yəni, aparılan islahatlar artıq müsbət nəticələrini göstərməkdədir.
Bəziləri onu da anlasın ki, islahatlar ölkənin bütün strukturlarında gedir. Prezident Adminstrasiyasından tutmuş, Milli Məclisə, icra hakimiyyətlərinə qədər hər yerdə islahat aparılır və bu işlərin başında cənab Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Təbii ki, DYP də islahatdan kənarda qala bilməzdi. İslahat deyərkən isə sadəcə DYP-də bağban işləyən Fətiş dayı işdən çıxarılmalı deyildi. Yəni, islahat dəyişiklik deməkdir.
Əminəm ki, bu islahatlar DYP-də xeyli dəyişikliklərə gətirib çıxaracaq. İslahatlar bununla bitməyəcək, yaxın vaxtlarda yol polisi əməkdaşlarının nizam-intizamında, sürücülərlə münasibətində də bunu görəcəyik.
Onu da deyim ki, yollarımızda təhlükəsizliyin təmin edilməsi üçün artıq DYP tərəfindən ciddi layihələr hazırlanır və mən bu işləri yaxından izlədiyim üçün yaxın vaxtlarda bir çox yeniliklərin baş verəcəyinə əminəm. Bütün bunlar isə vətəndaş məmnunluğunun artırılmasına, yol qəzalarının sayının azalmasına, xidmətin daha da yüksəldilməsinə, cəmiyyətdə polisin nüfuzunun artırılmasına yönəlib(modern.az).