Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresi qarşısında bugünkü çıxışı zamanı U24 Sülh Assosiasiyasının yaradılmasını təklif edib.
Azpost.info xəbər verir ki, bu, hər hansı təcavüzə onun başladığı andan 24 saat ərzində müqavimət göstərə bilən ölkələrin birliyidir. “Bizə yeni institutlar və yeni ittifaqlar lazımdır. Münaqişəni dərhal dayandırmaq və bütün lazımi yardımı göstərmək üçün gücə və məsuliyyətə malik olan ölkələrin sülh naminə vahid birlik yaratmasını təklif edirik”, – Zelenski bildirib. Ukrayna lideri hesab edir ki, belə bir ittifaq lazım gələrsə, sanksiyalar tətbiq etməli, silah-sursat verməlidir: “Lazım gələrsə, assosiasiya silah tədarük edə, sanksiyalar tətbiq edə, humanitar, siyasi və maliyyə yardımı göstərə bilər. Bu, tez bir zamanda reallaşdırılmalıdır”. Onun fikrincə, belə bir birlik təbii fəlakətlərdən əziyyət çəkənlərə, epidemiyaların və humanitar böhranların qurbanına çevrilənlərə də dəstək verə bilər: “Əgər bu gün belə bir ittifaq mövcud olsaydı, biz Ukraynada və insanların əziyyət çəkdiyi istənilən yerdə minlərlə adamın həyatını xilas edə bilərdik”.
Azpost.info