Zelenski Roma Papası ilə görüşdü-FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşüb.

Təxminən qırx dəqiqəlik görüşdə Ukraynadakı humanitar və siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Papa Fransisk bəşəriyyətin əhaliyə dəstək, eləcə də münaqişənin günahsız qurbanları üçün humanitar səylərini davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Volodimir Zelenski Müqəddəs Taxt-Tacda olmaqdan böyük şərəf duyduğunu və dəvətə görə təşəkkürünü bildirib.

Görüşdə Ukraynadakı hazırkı müharibə və bununla bağlı fövqəladə vəziyyət, xüsusilə humanitar xarakterli hadisələr, saxlanılan, həbs edilən, zorla Rusiyaya deportasiya edilən ukraynalıların, eləcə də azyaşlıların geri qaytarılması, həmçinin sülhə nail olmaq üçün davamlı səylər kimi məsələlər müzakirə olunub.

Ukrayna Prezidenti Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə də müzakirələr aparıb.

Xatırladaq ki, bu, V.Zelenskinin Vatikana ikinci səfəridir. O, 2020-ci il fevral 8-də Müqəddəs Taxt-Taca səfər etmişdi.

Əvvəlki məqalə

Türkiyədə seçkilər başlandı

Sonrakı məqalə

G7 sammitinin əsas mövzusu Ukraynaya dəstək olacaq