Zelenskinin ofisi Ukraynanın danışıqlarda Rusiyadan tələb etdiyi təhlükəsizlik qarantının detallarını açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak “Telegram” hesabında bildirib.
“Biz tərəfdaşlarımızın danışıqlar prosesində aktiv tərəf kimi qalmaq cəhdlərini anlayırıq. İsveç və ya Avstriya neytrallıq modelləri haqqında sözlər buradan qaynaqlanır. Amma Ukrayna indi Rusiya ilə birbaşa müharibə vəziyyətindədir. Buna görə də, yalnız Ukrayna modeli mümkün ola bilər və bu, yalnız qanunla təsdiqlənmiş təhlükəsizlik zəmanətləri haqqında ola bilər”.
Podolyak deyib ki, başqa modellər və ya seçimlər yoxdur: “Bu nə deməkdir?
Birincisi, mütləq və effektiv olan təhlükəsizlik zəmanətləri verilməlidir. Bu protokol və ya “Budapeşt” deyil. Bu o deməkdir ki, zəmanəti imzalayan dövlətlər Ukraynaya hücum zamanı bu gün olduğu kimi kənarda dayanmır. Onlar münaqişədə Ukrayna tərəfdən fəal iştirak edir və rəsmi şəkildə bizi lazımi həcmdə silah-sursatla təmin edirlər.
İkincisi, Ukrayna artıq hava məkanını bağlamağa icazə verən və ya verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Hava məkanının mütləq bağlanacağına dair birbaşa və qətiyyətli təminatlara ehtiyacımız var.
Bu gün Ukrayna aydın şəkildə müəyyən edilmiş təhlükəsizlik zəmanətləri ilə həqiqətən güclü müttəfiqlərdən ibarət əhatəyə sahib olmaq istəyir”, – deyə Podolyak vurğualyıb.