Ziya Məmmədovun şirkəti “Azərsənaye İnşaat”ı məhkəməyə verib

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu bildirilən “Fortis Group” MMC Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən iri şirkətlərdən biri hesab edilən “Azərsənaye İnşaat” MMC-ni məhkəməyə verib.

Azpost.info xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.

Məhkəmə çəkişməsinin kökündə alqı-satqı müqaviləsi üzrə mübahisələr dayanır.

“Azərsənaye İnşaat” MMC 29 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 AZN olan şirkətin qanuni təmsilçisi Bayramov Azər Ərşad oğludur.

Açıq mənbələrdə Azər Bayramov haqqında hər hansı məlumat yoxdur.

“Azərsənaye İnşaat”a gəlincə, şirkətin adı bir neçə qalmaqallı olayda keçir. Bunlardan biri MMC ilə Beynəlxalq Bank arasındakı qalmaqallı məhkəmədir. Şirkət bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün 2015-ci ildə bank tərəfindən məhkəməyə verilib. Bu, “Beynəlxalq Bank işi” ilə eyni vaxta təsadüf edir.

Bundan başqa, mediada gedən məlumatlara görə, şirkət 8-ci mikraroyan İbrahimpaşa Dadaşov 109 küçəsində  təxminən 4 sot torpağı zəbt edərək yolu bağlayıb. 2018-ci ildə baş verən hadisə barədə məlumat sakinlərə istinadən tirajlanıb.

2018-ci ildə “Azərsənaye İnşaat” MMC-nin adı daha bir qalmaqalda hallanıb. Söhbət MMC ilə Türkiyənin “Piramidal LTD” şirkəti arasındakı borc qalmaqalından gedir. Həmin vaxt “Piramidal LTD”nin rəhbəri Fərrux Böyüksavaş bu məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. İş adamının müraciəti mediada yayılıb.

“Fortis Group” MMC-yə gəlincə, şirkət 19 noyabr 2004-cü ildə 25 000 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bayramov Elşad Sərdar oğludur.

“Fortis Group” MMC “Azbentonit” MMC-nin bazasında yaradılıb. Yəni, 2004-cü ildə yaradılan “Azbentonit” MMC 2015-ci ildə “Garant Sənaye İnşaat” MMC-yə, daha sonra isə “Fortis Group” MMC-yə çevrilib.

“Fortis Group” MMC “Garant Holdinq”in törəmə müəssisəsidir. “Garant Holdinq” isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Xatırladaq ki, “Fortis Group” MMC “Akkord”dan əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq”i məhkəməyə vermişdi.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya danışıqlardan qüvvə toplamaq üçün istifadə edir” –

Sonrakı məqalə

ABŞ-ın eks-prezidentləri Ukraynaya dəstək verdilər –