“Əl-Cəzirə” kanalı Kəlbəcərdən olan ailə barədə reportaj yayımlayıb –

VİDEO
16 Noyabr 2020 - 19:42

“Əl-Cəzirə” kanalı Azərbaycanın Kəlbəcər rayonundan olan ailə barədə reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, kanalın çəkiliş qrupu ailənin qonağı olub, Kəlbəcərin işğaldan qurtulması ilə bağlı onların təəssüratlarını öyrənib.

Reportajda qeyd edilir ki, bu ailə Kəlbəcər rayonunun işğaldan azad olunmasına görə çox sevinir. Kəlbəcər rayonundan didərgin düşmüş Gülçöhrə Ramazanova hazırda ermənilərin orada törətdikləri əməllərə baxaraq əsəblərini cilovlaya bilmədiyini deyir. Qeyd edir ki, ermənilər Kəlbəcəri tərk edərkən oradakı evləri, məktəbləri yandırırlar. Bütün bunları kədər hissi ilə izlədiyini bildirən G.Ramazanova deyir: “Bizim bir vaxtlar yaşadığımız kənddəki bütün evlər indi ermənilər tərəfindən yandırılır. Çox pis oluram, axı bu, düzgün deyil. Axı onlar təmirli evlərdə məskunlaşmışdılar”.

Reportajda qeyd edilir ki, ailənin digər üzvü Elşad 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusunda xidmət edirdi. O deyir ki, həmin vaxt insanlar Kəlbəcəri tərk etmək məcburiyyətində qalmışdılar. O, köç zamanı yüzlərlə insanın necə öldüyünü xatırlayır. On minlərlə insan, o cümlədən uşaqlar və qocalar Kəlbəcər rayonunu şaxtalı və qarlı havada tərk edərkən onlardan bir çoxunu don vurmuşdu.

Reportajda bildirilir ki, Azərbaycan tərəfi Ermənistanın Kəlbəcəri təhvil verməsi üçün təyin edilmiş müddəti 10 gün uzadıb. Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Hüseyn Mahmudovun Ermənistanın üç rayonu Azərbaycana təhvil verməsi ilə bağlı fikirləri də reportajda yer alıb.

Reportajda, həmçinin qeyd edilir ki, Kəlbəcər sakinləri təxminən otuz il gözlədikdən sonra öz rayonlarına geri qayıtmaq niyyətindədirlər. Ancaq rayonda hələ minalardan təmizləmə əməliyyatları və infrastrukturun yenidən bərpası kimi bir çox işlər görüləcək.