100 yaşlı bakılı nənə səs verdi –FOTO

Dekabrın 19-u 100 yaşı tamam olan Yasamal rayon sakini Sonaxanım Bağırova Bələdiyyə seçkilərində səsini yaşadığı evdə verib. 

17 saylı Yasamal 3-cü seçki dairəsinin 24 saylı məntəqə komissiyasının sədri Rəhilə Məmmədova bildirib ki, daşınan qutu ilə səsvermə üçün 19 ailədə olacaqlar, onlardan biri də bu yaxınlarda 100 yaşını tamamlayan S. Bağırovadır.

Sonaxanım nənə 1919-cu ildə “Sovetski” adlanan ərazidə doğulub, hazırda yaşadığı Şamil Əzizbəyov küçəsi dalan 9, 7 nömrəli evə gəlin köçüb. 84 ildir ki, burada yaşayır. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən nənə iki dəfə “Qəhrəman ana” medalı ilə təltif olunub.

1939-cu ildə ailə həyatı qurub, 4 oğul, 3 qız övladı, 22 nəvə, 44 nəticə, 1 kötükcəsi var.

73 yaşlı qızı Züleyxa Məmmədova Gəncədə yaşasa da digər bacıları ilə növbələşərək anasının yanında qalır: “Atam 1956-cı ildə vəfat etdikdən sonra bizə həm ata, həm də ana olub. 7 övladı var, hamısı da ali təhsilli. Ən böyük bacımın 80 yaşı var.

Ağartı məhsullarını çox sevir. Başqa xüsusi qidalandığı bir şey yoxdur. Ürəyinin, böyrəyinin ağrıyıb-ağrımadığını soruşanda deyir ki, o üzvlərin heç onda olduğunu bilmir. Sadəcə ayaqları tutulub, gəzə bilmir. Başqa şikayəti yoxdur.

Uzunömürlülüyün ona irsən keçdiyini deyə bilmərəm. Çünki ana babam və nənəm tez dünyasını dəyişib. Ancaq ata nənəm 105, ata babam isə 115 yaşında dünyasını dəyişib. Yəqin ki, bu yurdun suyundandır”.

Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 19 dekabrda Sonaxanım Bağırovanın evinə gedərək, onu ad günü münasibətilə təbrik etmişdi. Həmin gün çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. (Qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ İrana qarşı təzyiqdən əl çəkməyə məcburdur”

Sonrakı məqalə

“Bandotdel” “Sədərək”də əməliyyat keçirdi