“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək”.
Bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən bildirilib.
Qeyd edilib ki, ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.
Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.
Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib.
Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 350 milyon manatdan artıq vəsait sərf olunub.