Nizaməddin Quliyev və Ramiz Tatarovun barəsində həbs qətimkan tədbiri seçilib

20.12.2019 · 19:41 · Baş Yazı

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov məhkəmə qarşısına çıxarılıb.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində həmin şəxslərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.

Hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

Qoca Səmədov barəsində həbs qətimkan tədbiri seçilib

20.12.2019 · 19:40 · Sosial

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov məhkəmə qarşısına çıxarılıb.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. 

Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

Polis Mingəçevirdə əməliyyat keçirib

20.12.2019 · 19:30 · Sosial

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Mingəçevirdə psixotrop tərkibli dərmanların satıldığı aptek aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.

Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib.

Aptekin sahibi Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Dmitri Roqozin Azərbaycana gələcək

20.12.2019 · 19:22 · Sosial

Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəhbəri Dmitri Roqozin Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında D.Roqozin məlumat verib.

Azərbaycan Milli Aerokosmik Agentliyinin dəvəti əsasında, gələn ilin yanvar ayının sonlarında Bakıya səfər etməyi planlaşdırdığını bildirən ROSCOSMOS-un rəhbəri Rusiya ilə Azərbaycanın kosmik sahədə əməkdaşlıq perspektivlərindən danışıb.

“Azərbaycanla kosmik sahədə əməkdaşlığın inkişafı daha da aktiv ola bilər. Bir halda ki, Azərbaycanın bu sahəni inkişaf etdirmək ambisiyaları Qazaxıstanın ambisiyaları ilə üst-üstə düşsün. Qazaxıstanın özünün kosmodromu var. Azərbaycanın da maşınqayırma korporasiyalarında iştirakı nöqteyi-nəzərindən bir sıra imkanları mövcuddur. Kosmik sahədə Azərbaycandan olan çox istedadlı alimlər var. Elə Rusiyanın kosmik sənayesində çoxlu azərbaycanlı alim çalışır. Kosmik sahədə əməkdaşlıqla bağlı Azərbaycanla görə biləcəyimiz çox işlər var. Bu məsələni Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müzakirə etməyi çox istəyirəm”, – deyə D. Roqozin vurğulayıb.