“Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar”

20.12.2019 · 19:05 · Sosial

“Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşdə deyib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar:

“Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir. Bildiyiniz kimi, Azərbaycanda da böyük rus icması yaşayır və fəaliyyət göstərir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə hesab edirəm ki, ilin sonunda bizim görüşümüzün xüsusi mənası var. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Xahiş edirəm, mənim salamlarımı Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan bütün soydaşlarımıza çatdırasınız”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

AVRO-2020:

20.12.2019 · 18:43 · Sosial

UEFA AVRO-2020-nin oyunları üçün biletlərin birbaşa satış mərhələsinə başlayıb.

Apasport.az saytının məlumatına görə, bu gündən etibarən UEFA qitənin ən möhtəşəm yarışının Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub.

İndi azarkeşlər bilet satışı portalı (euro2020.com/bakutickets) vasitəsilə A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşmasına biletləri birbaşa ödəniş etməklə əldə edə bilərlər.

Birbaşa satış mərhələsindən öncə 4-18 dekabr tarixlərində bilet satışının lotereya mərhələsi keçirilib. Lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvar ayının sonunadək e-mail bildiriş alacaqlar və bundan sonra ödənişi həyata keçirib biletlərini əldə edə bilərlər.

Bilet satışı yalnız onlayn həyata keçirilir. Müraciət edənlər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər.

Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur.

Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 75 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq.

Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə – 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels – İsveçrə

17 iyun, saat 20:00
Türkiyə – Uels

21 iyun, saat 20:00
İsveçrə – Türkiyə

4 iyul, saat 20:00
1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki “Olimpiko” stadionunda keçirəcək.

Bakı Şəhər Baş Polis İdarəsinə yeni təyinat olub

20.12.2019 · 18:32 · Sosial

Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinat olub.

APA-nın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Fizuli Allahverdiyev BŞBPİ-nin Kadrlar idarəsinə rəis təyin edilib.

Məlumatı BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Qeyd edək ki, F. Allahverdiyev DİN-in Baş Kadrlar idarəsində müxtəlif vəzifələrdə çalışıb.

Prezident İlham Əliyev Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb

20.12.2019 · 18:21 · Sosial

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşüb.

APA xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

– Mən bu gün Sankt-Peterburqa cənab Prezident Vladimir Putinin dəvəti ilə gəlmişəm. Prezident Putinin dəvəti ilə MDB dövlət başçılarının ötən ilin sonunda da qeyri-rəsmi zirvə görüşü keçirilib, bu ilin sonunda da keçirilir. Bu, artıq ənənəyə çevrilibdir və çox gözəl ənənədir. Çünki yaxşı fürsətdir ki, bir daha dövlət başçıları görüşsünlər və gələn il görüləcək işlər haqqında fikir mübadiləsi aparsınlar.

Mən də bu dəfə Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə görüşürəm. Əvvəllər də bizim görüşlərimiz olubdur, həm Bakıda, həm Sankt-Peterburqda. Amma bu gün bir daha görüşürük və bu, çox əlamətdar hadisədir. Mən bilirəm ki, Sankt-Peterburqda və Leninqrad vilayətində çox böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Uzun illərdir ki, bu təşkilata Vaqif Məmişov sədrlik edir. Bilirəm ki, burada yaşayan azərbaycanlılar Rusiyanın çox dəyərli vətəndaşları kimi həm Rusiyanın ümumi inkişafına töhfə verirlər, həm də ki, tarixi Vətənlə də əlaqələri saxlayırlar, gedib-gəlirlər. Mənim bundan xəbərim var, bu, çox müsbət haldır.

Deyə bilərəm ki, bütövlükdə 2019-cu il Rusiya-Azərbaycan əlaqələrinin tarixində xüsusi yer tutur. Prezident Vladimir Putinlə mənim çoxsaylı görüşlərim olub. Hər bir görüş çox məhsuldar olub. Bu görüşlərdə müzakirə olunmuş məsələlər və qəbul edilmiş qərarlar sonra həyatda öz əksini tapır. Nazirlər səviyyəsində bir çox qarşılıqlı səfərlər olubdur, Rusiyanın Federasiya Şurasının sədri xanım Valentina İvanovna Matviyenko aprel ayında Azərbaycana rəsmi səfərə gəlmişdi. Digər vəzifəli şəxslərin də səfərləri olub. İlin sonunda növbəti görüş gözlənilir. Rusiyanın İqtisadi İnkişaf naziri Bakıya gələcək və sonra öz həmkarları ilə sərhədə gedib Samur çayı üzərində tikilmiş yeni körpünün açılışını edəcəklər.

Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır. Mehriban xanımın səfər çərçivəsində həm Baş Nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisədir.

Yəni, bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir.

Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir.

Bildiyiniz kimi, Azərbaycanda da böyük rus icması yaşayır və fəaliyyət göstərir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verirlər.

Ona görə hesab edirəm ki, ilin sonunda bizim görüşümüzün xüsusi mənası var. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Xahiş edirəm, mənim salamlarımı Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan bütün soydaşlarımıza çatdırasınız.

Azərbaycanlıların Sankt-Peterburqdakı diaspor təşkilatının rəhbəri Vaqif Məmişov diasporun nümayəndələri adından Prezident İlham Əliyevə onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycan diasporu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dərin islahatlar prosesini, əldə olunan inkişafı, qazanılan uğurları böyük maraqla izləyir və dəstəkləyir.

Bildirilib ki, diasporumuz dövlətimizin başçısının qayğısını daim öz üzərində hiss edir. Vurğulandı ki, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, diasporumuz da bu münasibətlərdən bəhrələnir, onun dərinləşməsinə töhfəsini verir və bundan sonra da verəcək.

Sonda xatirə şəkli çəkdirilib.