Parlament seçkilərini müşahidə üçün ATƏT -ə dəvət göndərildi –

10.12.2019 · 19:21 · Siyasət

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan tərəfindən rəsmi dəvət alıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ATƏT/DTİHB-dən bildirilib.

“Hər zaman olduğu kimi, bənzər dəvətlərdən sonrakı prosedura uğun olaraq, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesini qiymətləndirmək üçün özünün Ehtiyacların Qiymətləndirilməsi Missiyasını Azərbaycana göndərməyi planlaşdırır və bundan sonra potensial seçki müşahidə missiyasına müvafiq tövsiyə verəcək”, – deyə ATƏT/DTİHB-dən qeyd olunub.

ATƏT Parlament Assambleyasından (PA) da APA-ya bildirilib ki, Azərbaycan tərəfindən artıq növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvət daxil olub. Lakin müşahidə missiyasının göndərilməsi barədə hələlik rəsmi qərarın olmadığı qeyd olunub.

Hüseyn Abdullayevin məhkəməsində anası bəraət istəyib:

10.12.2019 · 18:52 · Sosial

Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Abdullayevin vəkili Cavid Rzazadə çıxış edərək müvəkkili barəsində bəraət verilməsini tələb edib.

Daha sonra təqsirləndirilən şəxs Zeynəb Abdullayeva çıxış edib. O, oğluna bəraət verilməsini istəyib: “Bütün şirkətlərin mənim mülkiyyətimdə olub. Onu məndən ayırmayın. Ya sərbəst buraxın, ya da məni də tutun”.

Proses dekabrın 17-də davam edəcək.

Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il, Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. Zeynəb Abdullayeva 4 min manat cərimə olunub, digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.

MTRŞ ANS-ÇM-lə bağlı açıqlama yaydı:

10.12.2019 · 18:17 · Media

Milli Televiziya və Radio Şurası (MTRŞ) son günlər kütləvi informasiya vasitələrində guya Çingiz Mustafayevə aid olan radio tezliyin satışa çıxarılması barədə məlumatlara münasibət bildirib.

MTRŞ-dan daxil olan məlumatda deyilib ki, məsələ ilə bağlı yanlış məlumatlar dərc olunmaqdadır.

Bildirilib ki, Azərbaycan Respublikasının radio tezlikləri dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmayıb və çıxarıla da bilməz: “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.4-cü maddəsinə əsasən dövlət yayım tezliklərini yalnız istifadəyə verir. Həmin Qanunun 11.5.2-ci maddəsinə görə isə, teleradio yayımı sahəsində müvafiq dövlət orqanı (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası) tezlik resurslarından səmərəli istifadə olunmasına nəzarət edir. Şuranın elan etdiyi müsabiqələrin nəticəsinə uyğun olaraq müsabiqədə qalib gələn yayımçıya müəyyən bir radio tezlikdə yayım aparmaq üçün lisenziya verilir, həmin yayımçı da öz növbəsində həmin tezlikdən istifadə üçün müvafiq dövlət orqanları (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Radio Tezliklər İdarəsi və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi) ilə müqavilə bağlayaraq lisenziyanın şərtləri daxilində ondan istifadə edir. Adı çəkilən 102.0 MHz efir radio tezliyi 1994–2016-cı illər arasında “ANS ÇM” radiostansiyasının istifadəsində olub. 18 iyul 2016-cı ildə “ANS-ÇM”-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalıb. Efir radio tezliklərindən səmərəli istifadənin təmin olunması məqsədilə Milli Televiziya və Radio Şurası 5 noyabr 2019-cu ildə keçirilmiş iclasında “Tеlеviziya və radiо yayımı haqqında” Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan edib. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcək”.

Qeyd olunub ki, 2016-cı ilin dekabr ayından Azərbaycan Respublikası ərazisində televiziya yayımı yalnız rəqəmli formatda həyata keçirilir: “Bunun müsbət nəticəsi kimi bir efir tezliyində 10-12 SD televiziya kanalının və ya 3-4 HD formatda yayım aparan televiziya kanalının ötürülməsi mümkün olub. Yaxın gələcəkdə radionun da rəqəmli yayıma keçidi ilə əlaqədar bir efir tezlik resursunda 10-a yaxın radio kanalın yayımı mümkün olacaq. Bu da təbii olaraq, hər hansı bir efir radio tezliyinin guya kiminsə adına və ya mülkiyyətində olması iddiasını tamamilə alt-üst edir. Yayılan məlumatlarda qeyd olunan hazırda istifadəsiz 50-yə yaxın tezliyin olması barədə iddiaya cavab olaraq bildiririk ki, radio kanalların əksəriyyəti 100.0MHz–108.0 MHz tezlikləri arasındakı FM diapazonunda yayımlanır. Bu diapazonda hazırda tam rəqəmli bir tezlik resursu (102.0 MHz) istifadəsizdir ki, ona da müsabiqə elan olunub. Lakin 88.0 MHz – 100.0 MHz arası diapazonda istifadə olunmayan tam rəqəmli bir sıra tezliklər mövcuddur ki, zərurət olduğu təqdirdə onların da gələcəkdə müsabiqəyə çıxarılması məsələsinə baxıla bilər”.

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

10.12.2019 · 18:11 · Siyasət

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İordaniya Kralı II Abdullahı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.