İlham Əliyev kral Abdulla ilə təkbətək görüşdü:

10.12.2019 · 18:08 · Baş Yazı

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə təkbətək görüşü olub.

Ali qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Əlahəzrət, əziz qardaşım, Azərbaycana xoş gəlmisiniz. Mənim dəvətimi qəbul edib bizə səfər etdiyiniz üçün Sizə təşəkkür edirəm. Bu səfər ikitərəfli gündəliyimizdəki vacib məsələlərlə bağlı bir daha müzakirələr aparmaq üçün çox yaxşı imkandır. Bu yaxınlarda biz Soçidə görüşdük və bizim söhbət etmək imkanımız oldu. Mən bir daha Sizi ölkəmizə səfərə dəvət etdim. Şadam ki, çox məşğul olmağınıza baxmayaraq, qısa müddət ərzində bizi ziyarət etdiniz. Azərbaycanda Sizi qəbul etmək həqiqətən böyük şərəfdir. Siz burada bizim əziz qonağımızsınız. Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik. Bu münasibətlər müxtəlif sahələri əhatə edir. Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır. Mən iqtisadi göstəricilərə baxdım. Düşünürəm ki, biz daha gərgin çalışmalıyıq. Əlbəttə ki, biz bunu edəcəyik və bu gün bu məsələ ilə bağlı geniş müzakirə aparacağıq. Şadam ki, bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub. Artım 20 faizdən çoxdur. Hesab edirəm ki, biz insanların bir-birilərini daha tez-tez ziyarət etmələri üçün birbaşa hava əlaqəsinin yaradılması imkanını da müzakirə edə bilərik.

Bir daha xoş gəlmisiniz və Sizə Bakıda xoş vaxt keçirməyi arzu edirəm.

 

İordaniya Kralı II ABDULLAH dedi:

-Mənim əziz qardaşım, çox sağ olun. Dediyiniz kimi, Sizi bu yaxınlarda Soçidə görmək xoş idi. Son iki onillikdə mənim buraya səfərimlə bağlı çoxlu gözəl xatirələrim olub. Mən əziz dostumla burada olmaqdan şadam. Bilirəm ki, beynəlxalq arenada Siz çox vacib rol oynayırsız. Xüsusilə də bu yaxınlarda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşü ilə bağlı təbriklərimi Sizə çatdırıram.

Dediyiniz kimi, əziz qardaşım, bizim siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələrimiz güclüdür. İqtisadiyyat sahəsini inkişaf etdirə bilərik. Əminəm ki, bu gün müvafiq görüşlərimiz olacaq. Lakin buraya gəlmək istədim ki, Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirim. İnanıram ki, İnşallah, regionumuzda olan çağırışların öhdəsindən gəlmək üçün daha çox məsələlərlə bağlı müzakirələr apara bilərik. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram. Bu xoş dostluğa görə Sizə təşəkkür edirəm.

“Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”

10.12.2019 · 17:13 · Dünya

“Elə liderlər var ki, gizli dünyaları mövcuddur, agentləri var. Amma agent olmadan fəaliyyət göstərən liderlər də var. ABŞ Prezidenti, dostum Donald Trampın gizli agenti yoxdur, mənə qarşı açıqfikirlidir. Mən də onunla bağlı fikirlərimi çox açıq və konkret söyləyirəm”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada tələbələrlə görüşdə deyib.

O, Rusiya prezidenti Vladimir Putinin də belə lider olduğunu diqqətə çatdırıb: “Onun fəaliyyətini örnək hesab edirəm. Təkbətək görüşlərimizdə səmimi, gizli agent olmadan söhbət edirik”.

Türkiyə Prezidenti özünə örnək saydığı liderlərin də adını sadalayıb. O, Məhəmməd peyğəmbər, Həzrəti Ömər və digər tarixi şəxsiyyətlərin, İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin adlarını çəkib.

Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib

10.12.2019 · 16:55 · Sosial

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Pakistan İslam Respublikası tərəfinə bildiriş göndərəcək.

Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib

10.12.2019 · 16:35 · Sosial

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun komandir-rəis heyətinin iştirakı ilə keçirilən toplanış başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Müdafiə nazirinin müavinlərinin, qoşun növləri və qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Nəzəri və praktiki məşğələlərdə toplanışa cəlb edilən şəxsi heyətin bilik və bacarığı, həmçinin fiziki və sıra hazırlığı yoxlanılıb.

Toplanışın sonuncu günü iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib, eləcə də atıcı silahlardan atışlar icra olunub.