Asiya İnkişaf Bankı Pakistana 1,3 milyard dollar kredit ayırıb

10.12.2019 · 16:23 · Dünya

Beynəlxalq Valyuta Fondunun (IMF) Pakistana ayırdığı 6 milyard dollar kreditdən 2 ay sonra Asiya İnkişaf Bankı (ADB) bu ölkəyə 1,3 milyard dollar kredit vermək qərarına gəlib.

Azərtac Pakistan mətbuatına istinadla xəbər verir ki, bankın Mərkəzi və Qərbi Asiya ölkələri üzrə baş direktoru Verner Liyepax bu vəsaitin Pakistan iqtisadiyyatının möhkəmləndirilməsi, ölkənin iqtisadi və sosial böhrandan çıxması üçün nəzərdə tutulduğunu deyib. Pakistanın enerji infrastrukturunın yaradılması üçün daha 300 milyon dollar kredit veriləcək.

Pakistan hökumətinin apardığı bir sıra islahatlar “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən qiymətləndirildikdən sonra bu ölkəyə maliyyə yardımları göstərilməyə başlanıb.

Sarkisyanın axtarışda olan qardaşı oğlu Ermənistana təhvil veriləcək

10.12.2019 · 16:14 · Dünya

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya ediləcək.

APA-nın aysor.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan baş prokurorluğu N. Sarkisyanın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı Çexiyaya müraciət edib.

Çexiyanın aidiyyəti qurumları Ermənistan baş prokurorluğunun müraciətinə baxaraq qərar qəbul edib. Qərara əsasən, N.Sarkisyan Ermənistana təhvil verəcək.

Xatırladaq ki, beynəlxalq axtarışa verilən N. Sarkisyanın dekabrın 6-da Praqada olduğu müəyyən olunub. O, saxta Qvatemala pasportu ilə “Franklin Qonzalez” adı altında gizlənib.

Sarkisyan narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olunur.

Bakıda avtobusa hücum olub:

10.12.2019 · 16:09 · Sosial

Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

Hadisə vaxtı “Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, avtobusun isə şüşəsini təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.

Bu gün Nobel mükafatları təqdim ediləcək

10.12.2019 · 15:56 · Dünya

Bu gün Stokholm və Osloda Nobel mükafatlarının təqdimatı mərasimləri, habelə laureatlar və qonaqlar üçün bayram ziyafətləri təşkil ediləcək. Tədbir Alfred Nobelin vəfatının ildönümünə – dekabrın 10-na təsadüf edir.

Stokholmda Nobel mükafatının on dörd laureatına İsveç kralı XVI Qustav tərəfindən fəxri diplomlar və Stokholm Filarmoniyasının qızıl medalları təqdim ediləcək. Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh mükafatını Osloda Norveç Nobel Komitəsinin sədri təqdim edir.

2019-cu ildə Nobel Sülh mükafatı sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səylərə və xüsusən qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli ilə bağlı qətiyyətli təşəbbüsünə görə Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə verilib.

Bundan başqa, fiziologiya və tibb üzrə Nobel mükafatı amerikalı alimlər Uilyam Kelin və Qreqq Sementsə, habelə britaniyalı ser Piter Retkliffə təqdim olunacaq. Fizika sahəsində mükafatın laureatları isə kanadalı alim Ceyms Piblz, isveçrəli Mişel Mayor və Didye Kelodur. Kimya üzrə Nobel mükafatının builki laureatları amerikalı Con Qudinaf, britaniyalı Stenli Uittingem və yapon Akire Yosinodur.

2019-cu il ədəbiyyat üzrə Nobel mükafatı iki ilin – 2018-ci və 2019-cu ilin yekunlarına görə polyak yazıçısı və şairəsi Olqa Tokarçuk və avstriyalı dramaturq Peter Handkeyə təqdim ediləcək. Bu mükafatın ötənilki nominasiyasında mübahisələr yaranmışdı.

İsveç Dövlət Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi iqtisadiyyat üzrə Nobel mükafatının laureatları hind mənşəli amerikalı tədqiqatçı Abhicit Banerci, fransız Ester Düflo və amerikalı Maykl Kremer olublar.

Qeyd edək ki, hər bir nominasiya üzrə Nobel mükafatının məbləği 9 milyon krondur (944 min dollar)(azərtac).