Tramp ABŞ-ın nəhəng hərbi büdcəsini imzaladı –

21.12.2019 · 10:49 · Dünya

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların və Türkiyənin “S-400” zenit-raket kompleksləri alması ilə bağlı mübahisələrin də yer aldığı 2020-ci maliyyə ili üçün hərbi büdcəni imzalayıb.

“TASS” xəbər verir ki, tədbir Amerikanın aparıcı televiziya kanalları tərəfindən yayımlanıb.

Sənədə əsasən, müdafiə büdcəsi 738 milyard dollar təşkil edir ki, bu da 2019-cu maliyyə ili ilə müqayisədə (716 milyard dollar) 3,1% çoxdur. Pentaqonun əsas ehtiyacları üçün 635 milyard dollar, Əfqanıstanda, Suriyada, Yəməndə hərbi əməliyyatların davam etdirilməsi və digər ölkələrdə terrorçulara qarşı mübarizə üçün 71.5 milyard dollar ayrılıb. 31,5 milyard dollar isə ABŞ-ın Energetika Nazirliyi vasitəsilə nüvə silahlarının döyüş hazırlığının qorunmasına və onların modernləşdirilməsinə, eləcə də digər müdafiə ehtiyaclarına sərf olunacaq. Bundan əlavə, sənəddə ABŞ qoşunlarının müstəqil bir növü olaraq kosmik qüvvələrin yaradılması da göstərilib.

Ukraynaya hərbi yardım üçün, o cümlədən sahil müdafiə sistemi və gəmi əleyhinə raketlər üçün qanadlı raketlərin tədarükünə 300 milyon dollar ayrılması planlaşdırılır ki, bu da 2019-cu il üçün büdcədən 50 milyon dollar çoxdur.

Büdcə planında bir sıra məqamlarda Rusiya əleyhinə sanksiyalar da nəzərdə tutulub. “Şimal axını-2” və “Türk axını” qaz boru kəmərləri ilə bağlı, həmçinin “Suriyanın Mülki Əhalisinin Mühafizəsi haqqında” akt çərçivəsində olan hissələrdə bunun təsirini görmək olur. Moskva ilə hərbi sahədə birbaşa əməkdaşlığa qoyulan embarqo bir daha uzadılıb, ABŞ hökumətinə Krımın Rusiya ilə birləşməsini tanımaq qadağan edilib.

Konqres administrasiyaya Rusiya-Çin hərbi tərəfdaşlığının inkişafını izləməyi də tapşırıb. Honkonqdakı etirazçılara dəstək ifadə edilib, ABŞ tərəfi də Tayvanın müdafiə qabiliyyətini və döyüş hazırlığını ortaq təlimlər və silah satışları ilə artırmaq niyyətindədir.

ABŞ Çinin hərbi fəaliyyətini və Arktikaya birbaşa yatırımını yaxından izləyəcək. Bundan əlavə, Çin istehsalı olan pilotsuz uçuş aparatlarının alınması qadağan edilib.

Sənəd Ankaraya beşinci nəsil “F-35” qırıcılarının verilməsini də qadağan edir. Ayrıca, Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemlərini alması, prezidentin sanksiyalar tətbiq edəcəyini nəzərdə tutan “Rusiyanın Avropa və Avrasiyada təsirinə qarşı mübarizə haqqında” Qanunun müddəalarına uyğun olması barədə də məqamlara toxunulub.

Bundan başqa, Pentaqon, “S-400” ZRK satın alınması səbəbilə Ankaranın bu proqramdan kənarlaşdırılmasından əvvəl ABŞ aviabazasında türkiyəli pilotların təlimləri üçün istifadə olunan altı Türkiyə “F-35” təyyarəsinin saxlanmasına 30 milyon dollar xərcləyə bilər.

Uşaqlar üçün zərərli informasiyalar yayanlar 4 min manat cərimə olunacaq

21.12.2019 · 10:44 · Baş Yazı

Gələn il yanvarın 1-dən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə 500 manatdan 4000 manatadək cərimə tətbiq ediləcək.

Bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən İnzibati Xətalar Məcəlləsində dəyişikliklərdə öz əksini tapıb.

Məcəlləyə edilən yeni əlavəyə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına, yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına, informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcəklər.

Eyni zamanda, “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırmadan yayılmasına görə eyni məbləğdə cərimə tətbiq ediləcək.

Bununla yanaşı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə də fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcəklər.

Cəbhə xəttində atəşkəs iriçaplı pulemyotlar və snayperlərlə pozulub

21.12.2019 · 10:00 · Siyasət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Məzəm kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Qvardiolanın köməkçisi “Arsenal”ın baş məşqçisi oldu

21.12.2019 · 00:53 · Sosial

İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi məlum olub.

Unikal.orgxəbər verir ki, klub rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində bu posta Mikel Arteta gətirilib. 37 yaşlı mütəxəssislə 3.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mikel Arteta 2011-2016-cı illərdə “Arsenal”ın heyətində çıxış edib. O, yeni təyinatadək “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi olub.