2020-ci ildən milyonlarla istifadəçinin “WhatsApp” mesenceri işləməyəcək

- SƏBƏB
10 Dekabr 2019 - 12:42

2020-ci ildən milyonlarla qurğu “WhatsApp” mesencerini dəstəkləməyəcək.

“Daily Mail” xəbər verir ki, bu sıraya əsasən iOS 8 “iPhone”, həmçinin 2.3.7 “Android” və ya daha köhnə versiyalı operativ sistemə malik qurğular daxildir. Onların sahibləri 2020-ci il fevralın 1-dən etibarən “WhatsApp” mesencerindən istifadə edə bilməyəcək.

Mesencer, həmçinin 2019-cu il dekabrın 31-dən “Windows Phone” operativ sistemli qurğularda da çalışmayacaq.

“Apple” kompaniyası noyabr ayında geoloji lokasiya və məlumatların sinxronlaşması servislərinin düzgün işləməsi üçün 2012-ci il və daha öncə buraxılmış qurğuların yenilənməsinin vacibliyi barədə istifadəçiləri xəbərdar etmişdi. Proqram təminatı versiyasını yeniləməyən istifadəçilər “App Store” mağazası, “bulud saxlancı”, “iCloud” elektron poçtu və bir sıra digər proqramlardan istifadə edə bilməyəcək. Həmçinin bu qurğularda təqvim və vaxt da düzgün göstərilməyəcək.