95 nəfər deputatlığa namizəd mübarizəni dayandırdı –

21.01.2020 · 17:04 · Baş Yazı

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində 95 nəfər mübarizəni dayandırıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Ukrayna əhalisinin sayı azalmaqda davam edir

21.01.2020 · 16:54 · Dünya

2019-cu ilin 11 ayı ərzində Ukrayna əhalisinin sayı 230,5 min nəfər azalıb.

Azərtac bu barədə Ukraynanın Dövlət Statistika Xidmətinə istinadla xəbər verir.

2019-cu ilin dekabrın 1-nə olan məlumata görə, ölkənin əhalisi 41 milyon 922,7 min nəfər təşkil edib. Yanvar-noyabr ayları ərzində əhalinin sayı 230,5 min nəfər azalıb və eyni zamanda, əhalinin miqrasiya artımı bu dövrdə 12 min nəfərə bərabər olub.

Qeyd edək ki, əhali arasında ölənlərin sayı doğulanların sayını xeyli üstələyir – dünyasını dəyişən hər 100 nəfərə 54 yenidoğulan düşür.

Bakıda olan ATƏT-in müşahidə missiyasının rəhbəri Müsavat başqanı ilə görüşüb

21.01.2020 · 16:44 · Siyasət

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı Seçki Müşahidə Missiyasının rəhbəri səfir Piter Teyler ilə görüşüb. 

Müsavat Partiyasının mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, görüşdə fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər seçkilərin monitorinqi məsələsində ATƏT-in müşahidə missiyası ilə Müsavat Partiyası arasında əməkdaşlıq edilməsinə dair ətraflı müzakirə aparıblar.

Görüşdə Müsavat başqanının müavini Səxavət Soltanlı, seçki qərargahının sədri Gülağa Aslanlı, eləcə də ATƏT-in müşahidə missiyasının nümayəndəsi Saşa Payeviç iştirak ediblər.

MSK Gülər Əhmədovanın müraciətini təmin etmədi

21.01.2020 · 16:41 · Siyasət

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürümüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

Trend-in məlumatına görə, müraciətdə G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib.

G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası (DSK) namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, sabiq millət vəkili Gülər Əhmədovanın namizədliyi qeydə alınmayıb. DSK-dan verilən rəsmi cavabda bildirilib ki, G.Əhmədovanın təqdim etdiyi imzalardan, təxminən, 160-ı şübhəli olduğundan MSK-da xətşünaslıq ekspertizası keçirilib. Ona görə də tələb olunan imzaların sayı az olduğundan Gülər Əhmədovanın namizədliyi qeydə alınmayıb.