“Rus əfsanəsi”:

21.01.2020 · 16:34 · Dünya

İranda Rusiya Prezidenti Vladimir Putin haqqında fars dilində “Rus əfsanəsi” kitabı çapdan çıxıb.

İRNA xəbər agentliyinin binasında keçirilən təqdimat mərasimində kitabın müəllifi Əli Məhdumi çıxış edib. O bildirib ki, kitabda Rusiya Prezidentinin psixoloji portreti yaradılıb. Yeni nəşrdə V. Putinin həyata keçirdiyi siyasi və iqtisadi islahatlardan, eləcə də Rusiyanın inkişafından bəhs olunub.

Təqdimat mərasimində Rusiyanın İrandakı səfirliyinin əməkdaşları, İranının tanınmış qələm adamları və jurnalistlər iştirak ediblər(azərtac).

Çindəki naməlum virusla bağlı Azərbaycanda yoxlamalar gücləndirildi

21.01.2020 · 16:23 · Sosial

İnsanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Uxan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.

Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.

Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir.

Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin “baş bəyannaməsi” sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.

Bundan başqa, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir.

Qazaxda atəşkəs niyə pozulur? –

21.01.2020 · 16:12 · Sosial

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son bir ildə Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin əməliyyat imkanlarının məhdudlaşdırılması Ermənistan tərəfinin həmin istiqamətə diqqəti artırmasına səbəb olub.

Azpost.info-nun məlumatına görə, bu barədə “AzeriDefence”ə açıqlamasında sərhəd məsələləri üzrə ekspert, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan polkovniki Afəq Abiyev bildirib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan DSX Sərhəd Qoşunlarının qısa müddətdə dövlət sərhədində, xüsusilə Ermənistanın əsas kommunikasiya xətlərinin (qaz kəməri və Gürcüstandan Ermənistana gedən avtomobil magistralına) keçdiyi ərazilərə nəzarət imkanları əldə etməsi İrəvanı çıxılmaz vəziyyətə salıb. Bundan sonra düşmən qeyd olunan istiqamətdəki hərbi hissələrində və yaşayış məntəqələrində yaranan psixoloji gərginliyi azaltmaq məqsədi ilə təxribat fəaliyyətlərinə daha çox diqqət yönəltməyə başlayıb:

“Ermənistan tərəfinə Qazax və Ağstafa rayonları istiqamətində dövlət sərhədindəki bizim vəziyyət bəllidir. Qeyd etmək istərdim ki, 2018-ci ilin sonunadək Sərhəd Qoşunlarımız düşmənlə üzbəüz olmamışdı. Qazax və Ağstafa istiqamətində biz dövlət sərhədinin mühafizəsini üzərimizə götürdükdə, qarşı tərəf düşündü ki sərhədçilərin təcrübəsizliyindən istifadə edib təxribat yarada və psixoloji üstünlüyü qazana bilər. Lakin 2019-cu ilin fevralından sərhəddə düşmənin başlayan təxribat fəaliyyətlərinin heç biri effektiv olmadı. Əksinə, bölmələrimiz bildiyiniz kimi 2-ci Şıxlı və “Babakər” yüksəkliyi istiqamətlərində yeni mövqelərə çıxaraq möhkəmləndilər. Nəticədə daha geniş əraziyə nəzarət etmək imkanı qazandıq. Daha sonra, oktyabr ayında mülki sakinimizi – traktorçumuzu vurdular. Onun da qisası layiqincə alındı və düşmənin peşəkar snayperləri tərəfimizdən məhv edildi”.

Ehtiyatda olan polkovnik hesab edir ki, itkilərin artması, eləcə də sərhəddə yaşadığı uğursuzluqların əvəzini çıxmaq, itirilmiş nüfuzunu bərpa eləmək məqsədi ilə Ermənistan tərəfi həm dövlət sərhədində, həm də informasiya məkanında təxribatlara davam edir.

“Düşmən təxribatlar vasitəsi ilə həm Azərbaycan tərəfinin müdafiə sistemini öyrənmək, həm də sərhəd qoşunlarımızın təmas xəttində xidmət edən şəxsi heyəti üzərində psixolji üstünlük əldə etmək niyyəti güdür. Digər tərəfdən Paşinyan hökuməti Ermənistan daxilindəki narazılıq cəhdlərinin qarşısını almaq və diqqəti cəbhəyə yönəltməyə çalışılır”, – deyə sərhədçi polkovnik vurğulayıb.

Abiyevin sözlərinə görə, yanvarın 7-dən bu günədək dövlət sərhədində Ermənistan ordusunun biri taborun qərargah rəisi olmaqla 5 hərbi qulluqçusu zərərsizləşdirilib: “Həyata keçirilən tədbirlər nəticəsində düşmənin üzləşdiyi itkilər, düşdüyü çıxılmaz durum barədə məlumatlıyıq. Əvvəlki illərdə apardığımız təhlillər əsasında deyə bilərəm ki, düşmən bu dəfə də çoxsaylı itkilərini bir-bir avtoqəza, hansısa bədbəxt hadisə adıyla yayımlamağa çalışacaq”.

 

DİN-də müşavirə:

21.01.2020 · 16:02 · Sosial

“Dövlət Yol Polisi Xidmətinin ötənilki fəaliyyətinin nəticələrini ümumən müsbət qiymətləndirirəm”.

“Report”un xəbərinə görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində deyib.

O, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib.

V.Eyvazov hər bir əməkdaşın vəzifə borcunu layiqincə yerinə yetirməsi, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tövsiyyə edib.

Nazir tələb edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməli, etik davranış qaydalarına ciddi riayət etməli, bununla belə qətiyyətli və nəzakətli olmalıdırlar. Eyni zamanda, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.