İranlı deputat Trampın başına 3 milyon dollar qoydu:

21.01.2020 · 15:49 · Dünya

İran KİV-ləri bu ölkə parlamentinin nüfuzlu üzvü Əhməd Həmzə ABŞ prezidenti Donald Trampın başına 3 milyon dollar pul qoyduğu haqda məlumat yayıb.

İSNA agentliyinin məlumatına görə deputat Həmzə Trampı öldürəcək istənilən kəsə 3 milyon dollar verməyə hazır olduqlarını bildirib.

“Kim Donald Trampı öldürsə Kerman əyalətinin xalqı adından iri məbləğ-3 milyon dollar nəğd alacaq”,-o parlament üzvlərinə deyib.

Hələlik məlum deyil ki, Həmzənin bu sözləri İran hakimiyyətinin mövqeyidir , yoxsa onun şəxsi təşəbbüsüdür. Deputat onu da bildirib ki, əgər İranın nüvə silahı olsa özünü təhdidlərdən qoruya biləcək.

Xatırladaq ki, bundan əvvəl İranın dini lideri ayətullah Xameneyi Trampı “təlxək” adlandırıb. ABŞ prezidenti isə cavab olaraq İran rəhbərlərinə “sözlərində ehtiyatlı olmaq” barədə xəbərdarlıq edib.(Virtualaz.org)

“AtaBank”da yoxlamalar başlandı, müştərilər pullarını ala bilmir –

21.01.2020 · 15:39 · İqtisadiyyat

Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra “AtaBank” ASC-də ilkin araşdırmalar aparılıb. 

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirib. Araşdırmaların bankda əmanətləri olanlar arasında yaranmış narahatlıqla bağlı aparıldığı bildirilir. Belə ki, bəzi məlumatlara görə əmanətçilərin “AtaBank”dan əmanətlərini götürməsində problemlər var.

Açıqlamaya görə, araşdırmalar nəticəsində “AtaBank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi “Atabank”da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.

2019-cu il oktyabrın 1-nə “Atabank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4% az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2% az), balans kapitalı isə 142,636 milyon manat (1,3% az) təşkil edib. Bununla belə, Bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4% az) başa vurub.

Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.

 

Kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna başlanılır

21.01.2020 · 15:37 · Sosial

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu əhali arasında keçirilmiş sorğu əsasında formalaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə keçirilən brifinqdə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova məlumat verib.

“Son nəticədə Bakı, Abşeron və Sumqayıtda mənzillər alınaraq satışa çıxarılıb”, – o qeyd edib.

Xatırladaq ki, sabahdan kirayə mənzil mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna başlanılır. Ölkə prezidentinin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 25 yanvar 2019-cu il tarixli fərmanı ilə Fonda həvalə olunmuş vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb. İş prosesləri tam avtomatlaşdırılıb. Kirayəşinlər və yaşayış sahələrinə dair tələblər müəyyən edilib.

Azərbaycanda şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

21.01.2020 · 15:20 · Sosial

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq.

APA-nın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 93 610 müraciət daxil olub. Onlardan 85 250 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 4 132 sorğu hazırda icra edilir, 4 228 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.