Azərbaycanda din xadimləri arasında koronavirusa yoluxan yoxdur

20.05.2020 · 16:01 · Din

“Azərbaycanda koronavirusa yoluxanları sayı digər ölkələrlə müqayisədə elə də çox deyil. Din xadimləri arasında virusa yoluxma faktı ilə bağlı bizdə məlumat yoxdur”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni TV”yə müsahibəsində deyib.

“Əgər belə hal olsaydı, məlumatlı olardıq”- M.Qurbanlı bildirib.

Özünütəcrid dövründə ən populyar onlayn sifarişlər…

20.05.2020 · 15:52 · İqtisadiyyat

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid dövründə rusiyalı sakinlər arasında ən populyar onlayn məhsulların reytinqi tərtib edilib.

Trend-in məlumatına görə, bu müddət ərzində rusiyalılar daha çox asudə vaxt keçirmək üçün oyunlar və kitablar almağa üstünlük verib.

Qeyd olunur ki, mart ayında Rusiyada “oyun və əyləncə” kateqoriyasında məhsullarla bağlı gündə 10 milyonadək sifariş qəbul olunurdusa, aprel ayında bu rəqəm 20 milyonu keçib.

Bundan başqa, bağ evi üçün sifarişlər 23 faiz, heyvanlar üçün yem məhsullarının sifarişləri 18 faiz artıb.

Kompüter texnikası ilə bağlı onlayn sifarişlər 15 faiz, idman malları sifarişləri 11 faiz artıb.

Eyni zamanda geyim, ayaqqabı və aksesuar sifarişləri 30 faiz azalıb.

Bu il Azərbaycan istehsalı avtobusların ilk buraxılışı gözlənilir

20.05.2020 · 15:42 · Sosial

Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsal edəcək zavodun inşası bitmək üzrədir.

Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

Onun sözlərinə görə, artıq zavodda avadanlıqların quraşdırılması gözlənilirdi: “Lakin bütün dünyada yayılmış koronavirus pandemiyasına görə avadanlıqların quraşdırılması təxirə salındı. İyunda avadanlıqların quraşdırılması ilə bağlı tarixlər dəqiqləşdiriləcək. Bu ilin sonuna qədər isə zavodda avtobusların ilk buraxılışı gözlənilir”.

Xatırladaq ki, 2019-cu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu layihədə 25%-i “Azərmaş”a, 75%-i isə “Kartal Az”a məxsusdur.

Layihənin ümumi dəyəri 10 milyon avro təşkil edir. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1 000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək.

XIN Şuşada “andiçmə” şousunu pislədi:

20.05.2020 · 15:33 · Baş Yazı

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlama yayıb.

Açıqlamada deyilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir: “Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir.

Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyildir.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir.

Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir.

Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək”.