Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb

20.05.2020 · 15:23 · Mədəniyyət

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək Şura üç İşçi Qrupundan ibarətdir.

Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci İşçi Qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü İşçi Qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək.

Kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamlarından təşkil olunan Kino Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru, Şuranın sədri.

Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi Qrupu:

Fikrin Bektaşi – hüquqşünas;

Orxan Əliyev – kino maliyyəçisi;

Leyla Vəzirzadə – kinoşünas, Şuranın Katibi.

Ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi Qrupu:

Yavər Rzayev – rejissor, ssenarist;

Mirbala Səlimli – rejissor, ssenarist;

Fariz Əhmədov – rejissor, prodüser;

Cahangir Səlimxanov – mədəni irs üzrə ekspert, Avropa Mədəniyyət Parlamentinin üzvü;

Roman Orkodaşvili – ssenarist, redaktor, «Что? Где? Когда?» (Rusiya) komandasının üzvü;

Orxan Abbasov – operator, Paris Beynəlxalq Kino və Televiziya Məktəbinin məzunu;

Mansur Şəfiyev – rejissor-animator;

Aygün Aslanlı – kino tənqidçisi;

Aydın Talıbzadə – teatrşünas.

Layihələrin iqtisadi qiymətləndirilməsi (pitçinq) üzrə İşçi Qrupu:

Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru;

Rüfət Həsənov – “Debüt” studiyasının direktoru;

Balakişi Qasımov – İctimai Televiziyanın baş direktoru;

Orman Əliyev – Bakı Media Mərkəzinin direktoru;

İlqar Nəcəf – “Buta Film” prodüser mərkəzinin təsisçisi;

Əli-Səttar Quliyev – “Mozalan” studiyasının direktoru;

Elmar İmanov – “Color of May” (Almaniya) prodüser mərkəzinin direktoru;

Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar meneceri.

“Dərs vaxtı”:

20.05.2020 · 15:14 · Sosial

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın mayın 21-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da IX sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:10-da  VIII sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix;  12:10-da VII sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 13:00-da VI sinif – Biologiya, İngilis dili, Coğrafiya, İnformatika; 13:35-də IV sinif – Riyaziyyat, Həyat bilgisi; 14:00-da III sinif şagirdlərinə Riyaziyyat, Həyat bilgisi dərsləri, 14:20-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:35-də III sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 15:20-də V sinif – Rus dili, Riyaziyyat; 15:45-də VII sinif – Kimya, Biologiya, Coğrafiya, İnformatika; 16:15-də X sinif şagirdlərinə Rus dili, Biologiya, Fizika dərsləri olacaq.

Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb

20.05.2020 · 15:01 · Siyasət

“Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyətə başlayıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.

O bildirib ki, Milli Məclisdə Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparılır.

Qeyd edək ki, Milli Məclisin 24 aprel tarixində keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilmişdi. Milli Məclisin iclasında ümumilikdə 82 parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər seçkisi olumuşdu.

Ronaldu 8 milyon avroya torpaq sahəsi aldı

20.05.2020 · 14:51 · Dünya

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu Lissabonda sahə alıb. 

“Report”un “Vidas.pt” saytına istinadən məlumatına görə, 35 yaşlı hücumçu Riveyradakı əraziyə 8 milyon avro ödəyib. Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ronalduya yaxın mənbə deyib ki, bura onun karyerasını bitirdikdən sonra qalacağı yer deyil, sadəcə, sərmayədir.

Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir

Qeyd edək ki, Kriştianu Ronaldu ötən il Lissabondakı ən bahalı mənzili 7.5 milyon avroya alıb.