Gürcüstan və Ukrayna arasında birbaşa uçuşlar bərpa ediləcək

20.05.2020 · 14:42 · Dünya

Ukrayna və Gürcüstan arasında birbaşa uçuşlar iyulun 1-dən etibarən bərpa ediləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur naziri yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hava nəqliyyatının bərpa edilməsi ilə bağlı digər ölkələrlə də danışıqlar aparılır.

Qeyd edək ki, Gürcüstan digər ölkələrin vətəndaşlarının martın 18-dən etibarən ölkəyə girişinə qadağa qoyub. Qonşu ölkənin sərhədlərinin iyulda açılması planlaşdırılır.

Koronaviruslu xəstələrə tətbiq olunan immun plazma müalicəsinin detalları

20.05.2020 · 14:35 · Sosial

“Artıq konvalesent immun plazma, yəni virus infeksiyası keçirmiş və sağalmış insanlardan toplanan plazmalarla kritik ağır xəstələrin müalicəsinə başlamışıq. Bu müalicə üsulunda koronavirus keçirmiş və sağalmış insanların qanında xüsusi virus əleyhinə anticismlərin olması nəzərdə tutulur. 14-28 gün arasında bu cür donorlardan plazma toplanılır. Süni tənəffüs cihazına bağlı olan kritik ağır xəstələrdə venadaxili infuziya olunur”.

APA xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.

O bildirib ki, donorlar 18-60 yaş arasında sağlam və koronavirus keçirmiş insanlardır: “Vurğulamaq istəyirəm ki, bu insanlarda 14 gün ərzində heç bir klinik əlamət olmamalı, təkrar götürülmüş koronavirus testi neqativ olmalıdır. Bütün mərhələləri keçəndən sonra donorlar bütün beynəlxalq standartlara uyğun olaraq donorluq müayinələrindən keçirlər. Hazır olduqdan sonra xüsusi aferez cihazları vasitəsilə periferik qandan plazma toplanılır. Aferez proseduru təxminən 45 dəqiqə çəkir. Donorun həyatı üçün heç bir təhlükə daşımır. İnfeksiya riski ciddi şəkildə məhdudlaşdırılır, çünki aferez proseduru zamanı birdəfəlik steril setlər istifadə olunur. Prosedurdan sonra donorlar sağlam şəkildə normal həyatlarına qayıda bilərlər. Toplanmış plazmalar bölünərək 4-6 saat ərzində kritik ağır xəstələrə istifadə oluna və ya dondurularaq saxlanılaraq sonra uyğun kriteriyaları olan xəstələrdə istifadə oluna bilər”.

 

Azər Talıbovun yeni iş yeri bəlli oldu

20.05.2020 · 14:22 · Sosial

Rusiyanın Baş naziri Mixail Mişustin Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, A.Talıbov bundan sonra Rusiya İxrac Mərkəzinin strukturuna daxil olan “Roseksimbank”a rəhbərlik edəcək.

Hökumət qərarında vəzifədən azad edilmənin A.Talıbovun öz istəyi ilə baş tutduğu qeyd olunub.

A.Talıbov 2017-ci ilin yanvar ayından nazir müavini vəzifəsində çalışırdı. O, bundan əvvəl sədri Elvira Nabiullina olan Rusiya Mərkəzi Bankı Katibliyinin rəhbəri vəzifəsini icra edib. E.Nabiullina İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etməyə başlayandan A.Talıbov onun köməkçisi olub.

A.Talıbov 1979-cu il fevralın 10-da Moskvada anadan olub. 2002-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib. 2002-ci ilin noyabrından 2008-ci ilin iyun ayına qədər İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək İqtisadi İnkişaf nazirinin köməkçisi vəzifəsində işləyib. 2012-ci ilin iyun ayında Rusiya Federasiyası Prezidentinin köməkçisinin aparat rəhbəri vəzifəsinə keçib və 2013-cü ilin iyul ayına qədər bu vəzifədə çalışıb. Ardından “Rusiya Bankı” sədrinin katibliyinin müdiri təyin edilib.

Ov mövsümünün nə zaman açılağı Operativ Qərargahın qərarından asılıdır

20.05.2020 · 14:12 · Sosial

Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illərin ov mövsümünün açılıb-açılmaması məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 31 may 2020-ci il tarixində veriləcək növbəti Qərardan sonra baxılması razılığına gəlinib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova qeyd edib ki, hər il may ayının sonu, ov mövsümü başlanmamışdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir.

“Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar”.