İranda bütün məscidlər çərşənbə günü açılacaq

11.05.2020 · 22:38 · Din

Rəsmi İRİB xəbər agentliyinin bildirdiyinə görə, İrandakı bütün məscidlər çərşənbə axşamı yenidən açılacaq. Bu, hökümətin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi məhdudiyyətləri azaltmaq üçün atdığı addımlardan biridir.

İRİB xəbər agentliyinin İslam İnkişaf Təşkilatının direktoru Məhəmməd Qomiyə istinadən verdiyi məlumata görə, məscidlərin yenidən açılması qərarı Səhiyyə Nazirliyi ilə məsləhətləşmədən sonra verilib.

Tasnim xəbər agentliyi bazar günü yeni koronavirusun yayılmasının qarşısını alınması üçün İranın cənub-qərbindəki bir mahalın təcrid edildiyini bildirib. Mahalın yerləşdiyi Xuzistan vilayətinin qubernatorundan sitat gətirilərək, vilayətdə yoluxma hallarının kəskin artdığı deyilib.

Keçən həftənin cümə günü dövlət xəbər agentlikləri İranın 180-ə qədər şəhər və qəsəbəsində koronavirusa yoluxma riski azaldığı üçün namaz toplantılarının yenidən bərpa olunduğunu bildirib.

Paytaxt Tehran və bəzi böyük şəhərlərdə hələ də qadağan edilmiş cümə namazlarının yenidən bərpasına qərar keçən həftənin bazar ertəsi virusun azaldığı bölgələrdəki 132 məscidin açılması qərarından sonra verilib.

Sabahdan ali təhsil müəssisələrinə onlayn sənəd qəbulu başlanır

11.05.2020 · 22:13 · Sosial

Sabahdan ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlanır.

AzEdu.az  xəbər verir ki, abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Penitensiar Xidmət 28 məhbusda koronavirus aşkarlandığı barədə iddianı rədd edib –

11.05.2020 · 21:56 · Sosial

13 saylı Cəzaçəkmə Müəssisəsində 28 məhbusda koronavirus aşkarlandığı iddia olunur. Həmin müəssisədə cəza çəkən Beynəlxalq Bankın keçmiş̧ rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə məktubunda bu barədə yazıb və qardaşının xilası üçün prezident İlham Əliyevdən kömək istəyib.

Mayın 11-də prezidentə müraciətində Ə.Hacıyeva iddia edib ki, bu günlərdə müəssisədə məhkumlar arasında koronavirusa yoluxma halının olub-olmadığını müəyyənləşdirməkdən ötrü test keçirilib. 28 məhbusda testin nəticəsi müsbət olub və onlar müəssisədən çıxarılıb.

Ə.Hacıyeva deyib ki, virusa yoluxanların aparılmasından sonra da təhlükə aradan qalxmayıb: “O müəssisədə şərait çox ağırdır. Təsəvvür edin, 50 kvadratmetrlik yerdə 60 məhbus saxlanılır. Orada məhkumlar arasında vərəm, hepatit, QİÇS və başqa xroniki xəstələr çoxdur. Müəssisədəki bu təhlükəli durum digər məhbus ailələri kimi məni də bacı olaraq narahat edir”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların virusa yoluxması haqda məlumatları təkzib edib.

Şöbə rəisi Azadlıq Radiosuna bildirib ki, ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan məhkumlar arasında belə hal yoxdur. “Məhkumların sağlamlığı ilk növbədə Penitensiar Xidmət olaraq elə bizim özümüzün marağımızdadır”, M.Sadıqov vurğulayıb.

O əlavə edib ki, məhkumlar arasında başqa infeksiyaların yayılması haqda iddialar da doğru deyil.

Azərbaycanda COVID-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə şəxslərə sovqat çatdırılması, onların yaxınlarıyla görüşləri qadağan olunub.

Mayın 11-nə olan məlumata görə, Azərbaycanda 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün Azərbaycanda 4134 nəfər koronavirus testindən keçib

11.05.2020 · 21:37 · Sosial

Bu gün Azərbaycanda koronavirusla bağlı 4134 test keçirilib.

Bu barədə TƏBİB məlumat yayıb. Ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 197545-dir.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 70 koronavirusa yoluxma qeydə alınıb. Ümumilikdə ölkədə virusa yoluxanların sayı 2589, ölüm sayı 32, sağalanların sayı 1680-dir. Hazırda 877 aktiv virus xəstəsinin 25-i reanimasiyadadır, 10-u isə süni tənəffüs cihazında olan xəstə sayıdır.