“Avrasiya İttifaqının ümumi vətəndaşlığı yaranacaq” –

11.05.2020 · 20:55 · Dünya

“Gec-tez Avrasiya İqtisadi İttifaqının ümumi vətəndaşlığı yaranacaq”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədrinin birinci müavini Konstantin  Zatulin “Pravda” qəzetinə müsahibəsində deyib.

Zatulin keçmiş SSRİ məkanında yerləşən ölkələrlə əlaqələrin səviyyəsini şərh edib, bu dövlətlərdə yaşayan rusların vəziyyətinə toxunub, sabiq sovet respublikalarının əməkdaşlıq perspektivini təhlil edib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində yeni vətəndaşlıq münasibətlərinə baxıla bilər: “Əgər biz ciddi şəkildə Avrasiya İttifaqını qurmaq istəyiriksə o zaman gec-tez bu İttifaqın ümumi vətəndaşlığı da olacaq. O zaman bu problemlər tamam başqa cür görünəcək”.  

Zatulin deyib ki, vaxtilə MDB-yə daxil olan bütün ölkə vətəndaşlarının ikinci vətəndaşlığı olaraq MDB vətəndaşı olmalarını təklif edib: “Təəssüf ki, bunu reallaşdırmaq mümkün olmadı. Avrasiya İttifaqının vətəndaşlığı məsələsi isə tamam mümkündür”.

Xatırladaq ki, Avrasiya ittifaqı Rusiya Prezidenti Putinin təşəbbüsü ilə 2015-ci ildə yaradılıb.  İttifaqa Rusiya, Qazaxstan, Belarus, Qırğızstan və Ermənistan daxildir. Avrasiya İttifaqı ümumi gömrük, sərhəd və iqtisadi məsələlərlə bağlı fəaliyyəti koordinasiya edir, birgə  müzakirələr aparır.

Azərbaycan bu ittifaqa qoşulmağa dəvət olunsa da rəsmi Bakı təklifdən imtina edib.

Azpost.info

Sabahın dərs cədvəli açıqlanıb

11.05.2020 · 19:54 · Sosial

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının 12 may tarixinə olan cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:15-də VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:50-də VII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:30-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:00-da III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:45-də II sinif – Riyaziyyat, Təsviri incəsənət; 13:10-da I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət; 13:40-da Məktəbdənkənar fəaliyyət  olacaq. 

Rus bölməsi üçün 14:00-da – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30-da VIII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:10-da IX sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:45-də X sinif şagirdlərinə Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq.

İndiyədək 2589 nəfər koronavirusa yoluxub, 1680 sağalıb, 32 nəfər ölüb

11.05.2020 · 19:20 · Sosial

İndiyə qədər ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 test aparılmışdır.

Daha 70 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb

11.05.2020 · 19:15 · Baş Yazı

Azərbaycan Respublikasında 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalmış, 32 nəfər vəfat etmiş, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 test aparılıb.