Səudiyyə Ərəbistanı hasilatı əlavə 1 mln. barel azaldacaq

11.05.2020 · 18:16 · İqtisadiyyat

Səudiyyə Ərəbistanın Energetika Nazirliyi milli neft şirkəti olan “Saudi Aramco”ya iyun ayında OPEC+ çərçivəsində götürülən öhdəlikdən əlavə hasilatı könüllü şəkildə gündəlik 1 milyon barel azaltmaqla bağlı göstəriş verib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirlik rəsmisi bildirib.

Nazirliyin rəsmisi qeyd edib ki, bununla hasilat apreldəki səviyyədən təxminən 4,8 mln. barel/gün az olacaq: “Nəticədə, Krallığın iyun ayı üçün gündəlik neft hasilatı 7,492 barel təşkil edəcək”.

Britaniyada koronavirusa yoluxanların sayı 223 mini ötdü

11.05.2020 · 17:26 · Dünya

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 210 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 32 065 nəfərə çatıb.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 3 877 nəfər artaraq 223 060 nəfərə yüksəlib

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 284 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Conson koronavirusa görə tətbiq edilən məhdudiyyətlərin yüngülləşdirilməsi planını açıqlayıb

11.05.2020 · 16:40 · Dünya

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlərin yüngülləşdirilməsi planını açıqlayıb. O, elan etdiyi planı cəmiyyətin normallaşması üçün yol xəritəsinin ilk layihəsi olaraq xarakterizə edib.

Conson açıqlamasında evdən işləyənlərin işlərinə davam etmələrini və yalnız məcbur olduqda iş yerlərinə getməli olduqlarını vurğulayıb. O, işə getmək məcburiyyətində olanlardan ictimai nəqliyyatdan deyil, şəxsi nəqliyyatlarından istifadə etməyə çağırıb.

Yalnız tikinti sektorunda işləyənlərin işlərinə dönməli olduğunu bildirib.

Conson növbəti addımların ən erkən iyunun 1-dən atılacağına ümid etdiyini söyləyib. “İyun ayının əvvəlindən etibarən bəzi siniflərdə təhsilin yenidən başlaması və bəzi mağazaların yenidən açılması mümkündür. Ancaq bu qərarları qəbul etmək üçün bəzi şərtlərə əməl edilməlidir”, – deyə o vurğulayıb.

Baş Nazir restoran, kafe və barların ən erkən iyul ayında açıla biləcəyini ifadə edib.

Consonun açıqladığı başqa bir tənzimləmə ölkəyə hava yolu ilə gələnlər haqqında olub. O, bu günlərdə ölkəyə hava yolu ilə gələnlərə karantin tətbiq olunacağını vurğulayıb.

İraq türkmanları muxtariyyət elan edə bilər

11.05.2020 · 16:23 · Dünya

İraqda Mustafa Kazıminin yeni qurulmuş hökumətində türkman nazirin yer almaması türkman deputatların ciddi etirazına səbəb olub.

“Report” “Yeniçağ” qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar ölkənin türkman millət vəkilləri birgə mətbuat konfransı keçiriblər.

“Bizi məzhəblərə bölmək istəyənlər yenə uğursuz oldular. Türkman millətini təmsil edən nazir olsa və ya olmasa, bu millət əsla çökməyəcək. Kazımi ilə türkmanlara nazirliyin verilməsi məsələsində anlaşmışdıq. Ancaq İŞİD-ə qarşı çiyin-çiyinə savaşdığımız siyasi qrup türkmanlara nazirliyin verilməsini rədd etdi. Türkman elində artıq heç kəs daxili işlərimizə qarışa bilməz. Muxtariyyətin qurulması hüququ konstitusiyada var. Öz bölgəmizdə muxtariyyət elan edə bilərik. Türkman milləti on minlərlə şəhid verdi. Bütün türkman millət vəkillərimiz ciddi bir şəkildə müqavimət göstərdi. Millətimiz təşvişə düşməsin. Mübarizəmiz davam edir”, – birgə açıqlamada bildirilib.

Bundan başqa, İraq türkmanlarının lideri Ərşad Salehi də bununla bağlı yeni qurulmuş hökuməti tənqid edib: “Həmişəki kimi, İraq hökumətində türkmanlara nazirlik verilməyib”.

Qeyd edək ki, türkmanlar İraqın şimalında yaşayan türk etnosudur. Ad oxşarlığına baxmayaraq, türkmanlar Mərkəzi Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan, Anadolu türklərinə yaxın olub, Oğuz türklərinin qərb qolundandırlar. Hazırda İraqda türkman əhalisinin sayı 3 milyon civarındadır. Onlar ölkədə əhali sayına görə ərəb və kürdlərdən sonra üçüncü xalqdır.