BP Azərbaycanda ixtisarlara hazırlaşır? –

20.06.2020 · 22:44 · İqtisadiyyat

“BP”-nin baş ofisinin şirkətin yenidən qurulması ilə bağlı qərarına şirkətin dünya miqyasında ümumilikdə 10 min iş yerinin bağlanması daxildir.

Azpost.info bildirir ki, bu sözləri BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, iyunun 8-də BP-nin baş ofisi səviyyəsində şirkətin yenidən qurulması üçün atılacaq addımlar elan olunub: “Şirkətin yenidən qurulması çox ciddi bir qərardır və bununla bağlı çox ciddi dəyişikliklərin olacağı hələ fevral ayında bildirilmişdi. Bunun üçün atılacaq addımlar çoxdur və bu addımlara digər tədbirlərlə yanaşı, BP-də dünya miqyasında ümumilikdə 10 min iş yerinin bağlanması daxildir. Bu da ümumi iş yerlərinin 14 faizidir, hazırda dünya üzrə BP-də təqribən 70 min işçi var”.

Şirkətin bu qərarının Azərbaycandakı ofisi təsiri barədə danışan vitse-prezident deyib ki, bu qərarın elan olunması hələ prosesin başlanğıcıdır: “BP-nin Azərbaycan ofisində bu qərarla bağlı məsələlərə hələ baxılmalı və müzakirə olunmalıdır. İş yerlərinin azaldılması əsasən mərkəzdən başlayır. Digər biznes ərazilərimizə və regionlara olacaq təsir dəqiqliklə işlənəcək və aydınlaşdırılacaq. Hazırda bir şey məlumdur ki, Azərbaycanda olacaq dəyişiklik haqda razılaşdırılmış, xüsusilə də hökumətlə razılaşdırılmış bir qərar olması yönümündə işləyəcəyik və daha dəqiq məlumat olanda onu açıqlayacağıq”.

Onun sözlərinə görə, hazırkı çətin iqtisadi mühitin təsirlərinə baxmayaraq, BP Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə bütün işlərini davam etdirir və bundan sonra da davam etdirəcək: “Azərbaycanla bağlı çox ciddi öhdəliklərimiz və planlarımız var, hələ bir neçə onilliklər ərzində bu ölkəyə sərmayə qoymaq və biznesimizi genişləndirmək niyyətindəyik. Ən azı növbəti 30 il ərzində biz Azərbaycanla birlikdə olacaq və bu ölkənin, onun hökumətinin və regionun aşağı karbonlu enerji gələcəyinə və belə bir gələcək qurmaq səylərinə dəstək verəcəyik”.

Sabirabadda 6 yaşlı uşağı avtomobil vurub

20.06.2020 · 22:29 · Sosial

Saatlı sakini, Həsənov Rafiq Allahşükür oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Qalağayın kənd sakini, 2014-cü il təvəllüdlü Həsənov Xeyrulla Vəli oğlunu vurub.

6 yaşlı uşaq ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

“Rəşad Sadıqovla yollarımızı ayırdıq” –

20.06.2020 · 21:21 · Sosial

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə çempionluq təəssüratlarını bölüşüb…

– Sevinirik ki, medalımıza qovuşduq. Amma istərdik ki, daha fərqli şəraitdə olsun. Vəziyyəti çox gözəl başa düşürük, durum yaxşı deyil. Ölkəmizdə virusun yayılması artıb. Bu çempionluqda klubdakı hər kəsin böyük əziyyəti oldu. Hər kəsi təbrik edirəm. İstərdik ki, kuboku azarkeşlərin önündə qaldıraq. Ancaq düşünürəm ki, onlar bizimlədilər. Hamısına təşəkkür edirəm. 8 oyunu keçirmədik, amma hər bir qərara hörmətlə yanaşırıq.

– Transferlərlə bağlı məsələ nə yerdədir?

– Bir mərkəz müdafiəçisi ilə razılıq əldə etmişik. Sadəcə, bu duruma görə hələ qalıb. Ola bilər ki, transferlər bir az geciksin. Ancaq istədiyimiz oyunçuları gətirə biləcəyimizi düşünürük. Çətin dönəmdir. Razılaşsaq belə, istədiyimiz oyunçuları tez gətirə bilmərik.  Rəşadla futbolçu kimi yollarımızı ayırdıq. Əvvəl də fikirlərimizdə bildirmişdik ki, son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım.

– Rəşad Sadıqov məşqçi kimi klubda qalacaqmı?

– Konkret cavab verə bilməyəcəyəm. Bir qədər vaxt lazımdır ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy, bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik.

– Yaxşı tanıdığınız futbolçulardan hansısa biri qayıda bilərmi? Məsələn, Riçard Almeyda, Pedro Enrike…

– Rəhbərliklə görüşümüz olmayıb. Həmişə xoşlamışam ki, bir işi tam başa vuraq, sonra növbəti addımları müzakirə edək. Pandemiya hamıya böyük zərbə oldu, bizə də təsiri var. Hər bir halda, komandanı qoruyub saxlamağa çalışmışıq. Futbolçuların qayıdışı halları olub, indi olacağını desəm, doğru olmaz. Bəlkə, gələcəkdə mümkün oldu. Gedişata baxacağıq.

– Hazırlıq planları necə olacaq?

– Çox çətin dövrdür. İki gün əvvəl planlarımız başqa idi, indi tamamilə fərqlidir. Heç gözləmirdik ki, yenidən belə karantin olsun və avqustun 1-nə kimi uzanacaq. Çox çətin situasiyadır. Son oyunumuzu martın əvvəlində oynamışıq. O vaxtdan iki yoxlama matçımız olub. Avqustun 17-18-də Çempionlar Liqasında ilk oyunumuz olacaq. Ona qədər hazırlaşmağımız çox çətindir. Bunun üçün yaxşılığa doğru dəyişiklik olmalıdır. Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı. Ölkə xaricinə çıxmasaq belə, burda hazırlıq əldə etmək olar. Digər klublarla yoxlama oyunları keçirməyimiz mümkündür. İnanıram ki, ayın 5-dən sonra belə bir şərait yaradılar. Alınmasa, tam fərqli şeylər düşünməliyik. ÇL-də oynayacağıqsa, düşünürəm ki, bizə heç  olmasa, Bakıdan kənarda şərait yaradılacaq.

– Legionerlərin ailələrinə baş çəkməsi, yollarınızı ayırdıqlarınızın getməsi üçün bir fikir varmı?

– Bir neçə günə klub tərəfindən məlumat veriləcək. İcazə olmadıqca burda qalacaqlar. İmkan olduqca, məşq edəcəklər. Elə durumdur ki, səbrli olmalıyıq. Mütləq evə getmək istəmək kimi bir şey olmamalıdır. Çətinlik var, ən yaxşısını etməyə çalışacağıq. (Futbolpress.az).

Bakının küçələri yenidən dezinfeksiya edilib

20.06.2020 · 21:17 · Sosial

Ölkə başcısı İlham Əliyev və  Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir. 

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti – 6-cı əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında  tibbi-profilaktik işlər aparılıb.

Avropada analoqu olmayan və böyük maliyyə vəsaiti tələb edən bu genişmiqyaslı dezinfeksiya tədbirləri ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olmuşdur. Axşam saatlarına kimi mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb.

Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. Paytaxt küçələrində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həmin gün növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə aparılan dezinfeksiya işlərində fəal iştirak ediblər.

Eyni zamanda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun qurumun balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.