Sabiq prokurorun cinayət işi məhkəməyə göndərilib

10.06.2020 · 17:52 · Baş Yazı

Prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bu xüsusda prokurorluq orqanlarının əhali arasında olan nüfuzuna və imicinə kölgə salmaqla vətəndaşların qanunla qorunan mənafelərinə zərər vuran prokurorluq əməkdaşı barədə qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Orxan Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrdə nəzərdə tutulmuş ittiham elan olunub.

Cinayət işi üzrə istintaq tamamlanaraq 10 iyun 2020-ci il tarixdə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Dolların sabaha olan rəsmi məzənnəsi

10.06.2020 · 17:48 · İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların iyunun 11-nə olan məzənnəsini açıqlayıb.

AMB-nin verdiyi məlumata görə, 11.06.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Azərbaycanda vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs axtarışa verilib

10.06.2020 · 17:16 · Sosial

Azərbaycan hüquq-mühafizə orqanları vətəndaşları girov götürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Bakı şəhər sakini Abasov Asif Raqif oğlu Cinayət Məcəlləsinin 215.2.1-ci (Girov götürmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 215.2.3-cü (Girov götürmə – həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 215.2.4-cü (Girov götürmə – odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 215.2.7-ci (Girov götürmə – iki və ya daha çox şəxs barəsində törədildikdə) və 215.2.8-ci (Girov götürmə – tamah niyyəti ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

10.06.2020 · 17:15 · Sosial

Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

DİM-dən verilən xəbərə görə, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Çox təəssüf ki, 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini və ya imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər (abituriyentlər) də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə (abituriyentlərə) bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmasınlar.

İmtahan iştirakçıları bir məsələni də nəzərə almalıdırlar ki, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.