2 nəzarətçi və 20-yə yaxın şagird imtahana buraxılmayıb –

10.06.2020 · 17:13 · Sosial

Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. İmtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.

DİM-dən  verilən məlumata görə, ilkin məlumatlara əsasən 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Aİ “Şərq Tərəfdaşlığı” sammitinin tarixini təsdiqlədi

10.06.2020 · 17:05 · Dünya

Avropa Şurasının prezidenti Şarl Mişel iyunun 18-də Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransını çağırıb.

“Report” xəbər verir ki, müvafiq məlumat Avropa Şurasının saytında yerləşdirilib.

İlkin olaraq iyunun 18-də “Şərq Tərəfdaşlığı”nın ənənəvi sammitinin keçirilməsi planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbindən onun keçirilməsindən imtina edilib və videokonfrans olmasına dair razılıq əldə olunub.

Sammit Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə keçiriləcək.

Sammitdə Aİ üzvü olan 27 ölkənin rəhbərlərinin, eləcə də “Şərq Tərəfdaşlığı” ölkələrinin – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna rəhbərlərinin iştirak edəcəyi gözlənilir.

“Liderlər “Şərq Tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha təsdiqləyəcəklər. Onlar həmçinin COVID-19 böhranı zamanı həmrəyliyin vacibliyini, o cümlədən Aİ-nin “Şərq Tərəfdaşlığı” regionunda pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində göstərdiyi əhəmiyyətli dəstəyi vurğulayacaqlar”, – tədbirin anonsunda bildirilib.

Bundan əlavə, liderlər “Şərq Tərəfdaşlığı” siyasətinin uzunmüddətli hədəflərini və 2021-ci ilin əvvəlində keçiriləcək sammitdə təsdiqlənməli olan 2020-ci ildən sonrakı nəticələrin inkişafını müzakirə edəcəklər.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

İran dünyanın ən yaşlı ölkəsi olacaq

10.06.2020 · 16:55 · Dünya

İran 30 ildən sonra dünyanın ən yaşlı ölkəsi olacaq.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının səhiyyə nazirinin müavini İsmayıl Əkbəri deyib.

Onun sözlərinə görə, doğumların sayının azalması səbəbindən 30 ildən sonra İran dünyanın ən yaşlı ölkəsi olacaq: “Doğum sayındakı azalma səbəbindən ölkədə yaşlanma prosesi başlayıb”.

İ.Əkbəri son 60 ildə İran əhalisinin 10 il yaşlandığını deyib: “Son 60 ildə ölkə əhalisinin yaşı orta hesabla 20,2-dən 30-a yüksəlib. İlbəil yaşlaşma sayı artır”.

İranın səhiyyə nazirinin ailə məsələləri üzrə müavini Seyid Həmid Bərəkəti bu yaxınlarda verdiyi açıqlamada ölkə üzrə evliliyin sayının son 10 ildə 40% azaldığını bildirmişdi.

Hazırda İran əhalisinin sayı 83 milyon 500 min nəfərdir.

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb

10.06.2020 · 16:40 · Sosial

YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb.

APA-nən məlumatına görə, bu barədə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, pandemiya ilə mübarizədə məhdudlaşdırıcı tədbirlərlə əlaqədar insanların sosial müdafiəsi gücləndirilməsi də vacib amillərdən biridir: “Bu istiqamətdə böyük layihələr həyata keçirilib. Bu tədbirlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı virusa  yoluxmanın qarşısını da alır.

Yeni Azərbaycan Partiyası da sosial layihələrdə fəal iştirak edib. Belə ki, YAP Koronavirusla Mübarizə ilə Dəstək Fonduna 530 min manatdan çox vəsait köçürüb. Bunun 230 min manatı partiyanın hesabından, 300 manatı isə YAP-ın strukturlarında çalışanların bir aylıq əmək haqlarından ianə edilib”.