Prezident Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı fərman imzaladı

10.06.2020 · 16:31 · Sosial

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 1831 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi qaydası”nda dəyişiklik edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Nazirlər Kabineti və Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidirlər.

ÜST:

10.06.2020 · 16:21 · Sosial

Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd payız və ya qışda əlçatan ola bilər.

APA-nın “Rai3” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Səhiyyə nazirinin müşaviri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkədəki nümayəndəsi Valter Riççardi bildirib.

“Əgər hər şey yaxşı getsə, payız, ya da qışda bizdə peyvəndin ilk dozaları ola bilər”, – deyə nazir müşaviri vurğulayıb.

Onun sözlərinə görə, Avropa koronavirus əleyhinə peyvəndin hazırlanması prosesində ABŞ-ı qabaqlayır, Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı peyvənd digərləri ilə müqayisədə daha inkişaf etmiş mərhələdədir.

ÜST-ün nümayəndəsi oktyabr ayında pandemiyanın ikinci dalğasının mümkünlüyünə də toxunub. O vurğulayıb ki, buna heç kim tam əmin ola bilməz.

“Lakin biz hesab edirik ki, virusun yoxa çıxma ehtimalı azdır. Biz mümkün zəlzələ ilə toqquşmağa hazır olmalıyıq”, – deyə V. Riççardi qeyd edib.

Qeyd edək ki, may ayının ortasında “Irbm” şirkətinin baş direktoru Pyero Di Lorentso bildirib ki, peyvənd üzərində iş inanılmaz dərəcədə sürətlənib.

“Vətəndaşlardan tələb olunan sosial məsuliyyət böyük əziyyət tələb etmir”

10.06.2020 · 16:13 · Sosial

“Bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun”.

“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün partiyanın İcra Katibliyində “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda videokonfrans formatında keçirilən tədbirdə deyib.

O bildirib ki, koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır: “Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür: “Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir”.

“Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir” – o vurğulayıb.

Krım tatarı Ukrayna XİN başçısının birinci müavini təyin edilib

10.06.2020 · 16:09 · Dünya

Krım tatarı Əminə Caparova Ukrayna Xarici İşlər nazirinin birinci müavini təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba “Facebook”da bildirib.

“Komanda güclü bir oyunçu ilə tamamlandı. Əminə Caparova xalq diplomatiyası, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım məsələləri ilə məşğul olacaq. Ancaq birinci müavin olaraq əlbəttə ki, onun vəzifələri daha çox olacaq”, – deyə Ukrayna XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, Ə. Caparova Ukraynanın xarici siyasətində Krım tatarlarının əsas təmsilçisi olacaq.

Qeyd edək ki, Krım tatarı Ə. Caparova ukraynalı fəal və jurnalistdir. O, 2015-2019-cu illərdə İnformasiya Siyasəti Nazirliyində, habelə 2011–2015-ci illərdə Krım Tatar televiziya kanalı olan “ATR”-də və “Azadlıq” radiosunda çalışıb.