İşğaldan azad olunmuş Füzuli rayonuna komendant təyin olunub –

16.12.2020 · 15:24 · Baş Yazı

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müvafiq əmrə əsasən, Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Azərbaycanda son sutkada 4077 nəfər COVID-19-a yoluxub-

16.12.2020 · 14:36 · Baş Yazı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 077 yeni yoluxma faktı qeydə alınıb, 3 854 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 187 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 998, ötən müddət ərzində isə ümumilikdə 1 998 577 test aparılıb.

Azərbaycana külli miqdarda dərman gətirən qaçaqmalçılar saxlandı –

16.12.2020 · 14:30 · Baş Yazı

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısı alınıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə boru yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı, 99 NR 144/99 ZE 344 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan boru yükünün içərisində 102 adda 8289 qutu dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan əhalisinin sayı açıqlandı

16.12.2020 · 14:27 · Baş Yazı

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatmışdır.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər olmuşdur.