Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb

16.12.2020 · 13:28 · Baş Yazı

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirmişdi ki, Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir.

İşçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

Xocavənd rayonunun Böyük Tağlar kəndindən görüntülər –

16.12.2020 · 13:11 · Baş Yazı

Müdafiə Nazirliyi Xocavənd rayonunun Böyük Tağlar kəndindən videogörüntülər paylaşıb.

Görüntüləri təqdim edirik:

Suqovuşan və Talış kəndlərinə gedən yolların asfaltlanmasına başlanılıb

16.12.2020 · 12:33 · Sosial

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb.

Agentlikdən APA-ya bildirilib ki, ümumi uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Tikinti işləri zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib.

Ombudsman Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşüb

16.12.2020 · 12:31 · Baş Yazı

Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqət mərkəzində olub, bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlanıb.

Ombudsman Aparatından verilən məlumata görə müraciətlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsir və girovlarına qarşı qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsir və girovların beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycan tərəfinə qaytarılması tələb edilib.

Ombudsman Səbinə Əliyeva əsir və girovlarla bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə də sıx əməkdaşlıq edib, fəaliyyəti çərçivəsində məlumat mübadiləsi aparılıb. Həmçinin Ombudsmanın təşəbbüsü ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə videokonfrans vasitəsilə keçirilmiş görüşdə əsirlikdə olan azərbaycanlı hərbi qulluqçuların valideynlərinin də iştirakı təmin olunub, onların müraciətlərinə imkan yaradılıb.

Məlum olduğu kimi, 14 dekabr 2020-ci il tarixdə 2014-cü ildən girovluqda olan, Azərbaycan Ombudsmanının müntəzəm olaraq barələrində məsələni diqqətdə saxladığı Dilgəm Əsgərov və Şahbaz Quliyev, habelə Vətən müharibəsində əsir düşmüş 12 nəfər hərbi qulluqçumuz azad olunaraq Bakıya gətirilib.

Ombudsman 15 dekabr 2020-ci il tarixdə bu şəxslərin müayinə və müalicə olunduqları müəssisədə həmin şəxslərlə görüşüb, onların sağlamlıq durumu, hüquqlarının təmini vəziyyəti, əsir və girov saxlanılarkən onlarla rəftar məsələləri ilə bağlı məlumat alıb.

Ombudsman Səbinə Əliyeva müəssisə rəhbərliyi ilə görüşdə də bu şəxslərin səhhəti və onlara göstərilən reabilitasiya və digər yardımlar barədə maraqlanıb.

Həmin şəxslər də öz növbəsində vəziyyətlərini daim diqqətdə saxladığına və bu dövrdə həyata keçirdiyi fəaliyyətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Qeyd olunmalıdır ki, Ermənistan Respublikası tərəfindən Azərbaycanlı girovlara, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub.