Nazir şəxsi heyəti sərəncama göndərdi, bir çoxunun vəzifəsi müvəqqətidir –

13.01.2020 · 11:17 · Baş Yazı

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.

Nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb. Azpost.info bildirir ki, bu barədə Qafqazinfo yazır.

Saytın əldə etdiyi məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır. Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.

DİN Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Ölkənin dağlıq ərazilərində 13 dərəcə şaxta qeydə alınıb –

13.01.2020 · 11:10 · Baş Yazı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

Nazirlikdən  verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

“Hazırda Badamdarda xırda uçqunlar baş verir” –

13.01.2020 · 10:55 · Sosial

“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində gərginlik qalmaqdadır”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, əməkdaşlar hələ də ərazidədir və araşdırmalar davam etdirilir:

“Asfalta tökülən torpaq qatı götürülməyib. Hazırda asılı qalmış torpaq qatında xırda uçqunlar baş verir”.

Xatırladaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.

Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır

13.01.2020 · 10:34 · Siyasət

Bu həftə  Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib.