Dolların bu günə olan rəsmi məzənnəsi

13.01.2020 · 10:32 · İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı 13 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 13-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8917 manat təşkil edir.

1 türk lirəsi 0.2895 manat, 1 rus rublu 0.0278 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5896 manatdır.

Yağışlı hava ilə əlaqədar yollarda sürət həddi 20 km/saat endirildi

13.01.2020 · 10:27 · Sosial

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edib: “Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir”.

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 24 pozub

13.01.2020 · 10:15 · Siyasət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

İranın Olimpiya mükafatçısı olan yeganə qadın idmançısı ölkədən qaçdı

13.01.2020 · 10:02 · Dünya

Taekvondo üzrə Olimpiya oyunlarının mükafatçısı, əslən azərbaycanlı olan Kimiya Əlizadə İranı tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb. Kimiya “ölkəsində əzilən milyonlarla qadından biri” olduğunu qeyd edərək Avropaya getdiyini bildirib. Onun sözlərinə görə, idman məmurları tərəfindən istismar olunub:

“Onlar məni hara istəyirlər göndərdilər. Nəyi dedilər, onu geyindim. Onların hər bir təklifini təkrarladım. Biz onlar üçün alət olmaqdan başqa heç bir məna kəsb etmirdik.

İran hökuməti medallarıma görə sevinirdi, ancaq seçdiyim idman növünə görə tənqid edirdi. Mən dünyadan taekvondo, təhlükəsizlik və xoşbəxt həyatdan başqa heç nə istəmirəm. Mən korrupsiya və yalan üzərində qurulmuş pillələri qalxmaq istəmirəm”.

İranın “İSNA” agentliyinin məlumatına görə, Kimiya Niderlanda gedib.

Qeyd edək ki, Əlizadə 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarında medal qazanmış yeganə İran idmançısı olub.